Ərdoğan 2028-ci ildə 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcək

Ərdoğan 2028-ci ildə 3-cü dəfə prezidentliyə namizədliyini irəli sürə biləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə keçiriləcək növbəti prezident seçkilərində ardıcıl üçüncü dəfə namizəd olmaq hüququ müəyyənləşib. Bu imkan ölkə konstitusiyasında nəzərdə tutulmuş xüsusi istisna bəndi vasitəsilə reallaşa bilər.

Bu barədə "Anadolu" agentliyinə Türkiyə liderinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum məlumat verib.

Mehmet Uçum bəzi analitiklərin iddialarının əksinə olaraq, növbəti parlament və prezident seçkilərinin planlaşdırılan rəsmi tarixinin 2028-ci il mayın 14-ü deyil, mayın 7-si qəbul edilməli olduğunu izah edib. Onun sözlərinə görə, seçkilər 5 illik səlahiyyət müddəti başa çatmazdan əvvəl keçirilməlidir. Son seçkilər 14 may 2023-cü ildə baş tutduğu üçün növbəti səsvermə 14 may 2028-ci ildən əvvəlki bazara — yəni 7 may tarixinə təsadüf edir.


Bununla belə, hazırda seçkilərin bir qədər də əvvələ — 16 aprel 2028-ci il tarixinə keçirilməsi variantı müzakirə olunur. Müşavir qeyd edib ki, bu addım siyasi və ya sosial mənada "erkən seçkilər" statusu daşımır:

"Təklif etdiyimiz 16 aprel 2028-ci il tarixi sadəcə planlaşdırılan seçkilərin üç həftə əvvələ çəkilməsidir. Bu qərarı parlament 2028-ci il fevralın 9-dan 15-nə qədər olan dövrdə qəbul edə bilər", — deyə M. Uçum bildirib.

Baş müşavir vurğulayıb ki, məhz belə bir ssenaridə konstitusiya Ərdoğana, ardıcıl iki müddət prezident vəzifəsini icra etməsinə baxmayaraq, üçüncü dəfə namizədliyini irəli sürmək üçün hüquqi əsas verir:

"Konstitusiya iki müddətlik prezidentlik məhdudiyyəti qoyur. Lakin bu qaydanın bir istisnası var: əgər parlament prezidentin ikinci səlahiyyət müddəti dövründə yeni seçkilərin keçirilməsi barədə qərar qəbul edərsə, iki müddət xidmət etmiş şəxs üçüncü dəfə də namizəd ola bilər. Hüquqi dildə buna “istisna namizədlik” deyilir və konstitusiyada birbaşa təsbit olunub".


Uçum bu addımın konstitusiya mətnini manipulyasiya etmək cəhdi kimi qiymətləndirilməməsini istəyib və səsvermə tarixinin bir neçə həftə fərqlə yerinin dəyişdirilməsi təcrübəsinin Türkiyədə əvvəllər də tətbiq olunduğunu xatırladıb. Onun sözlərinə görə, parlamentin bu qərarı ölkədə hər hansı fövqəladə vəziyyətlə bağlı olmaq məcburiyyətində deyil.

"Tam əminliklə gözləmək olar ki, növbəti ümumi seçkilər 2028-ci ildə planlaşdırılan müddətdə keçiriləcək, sadəcə bir az daha erkən tarixə çəkiləcək. Bu seçkilər Prezident Ərdoğana konstitusiyanın müvafiq bəndinə uyğun olaraq sonuncu dəfə öz namizədliyini irəli sürmək imkanı verəcək", — deyə Mehmet Uçum yekunlaşdırıb.

Mənbə: bizim.media