Yunanıstandan şok etiraf: Türkiyə bu prosesdə uğur qazansa, xəritə dəyişəcək

Yunanıstandan şok etiraf: Türkiyə bu prosesdə uğur qazansa, xəritə dəyişəcək

Yaxın Şərqdə güc balanslarının yenidən formalaşdığı bir vaxtda Yunanıstan mətbuatında Türkiyənin bölgədə artan roluna dair diqqətçəkən təhlil dərc olunub.

“Newsbeast” nəşrində yayımlanan məqalədə Türkiyənin Suriya və Livanda təsirini artıraraq İsraili "mühasirəyə alan" yeni geosiyasi üçbucağın əsas aktoruna çevrildiyi iddia olunub.

Məqalədə qeyd edilib ki, Ankara Suriyanı nüfuz bazası, Livanı isə enerji marşrutları, limanlar və Şərqi Aralıq dənizindəki maraqları baxımından strateji halqa kimi qiymətləndirir. Bu səbəbdən Livan artıq yalnız İsrail-“Hizbullah” qarşıdurmasının yaşandığı ölkə deyil, həm də Yaxın Şərqin gələcəyini müəyyənləşdirəcək əsas geosiyasi meydanlardan biri hesab olunur.

Təhlildə Türkiyənin bölgəyə ayrı-ayrı böhranlar deyil, vahid strateji məkan kimi yanaşdığı vurğulanıb. Bildirilib ki, Ankara Livanda sadəcə prosesləri izləmək deyil, gələcəkdəki danışıqlar masasında da söz sahibi olmağa çalışır.

Yunan nəşri hesab edir ki, Türkiyənin Livan məsələsində daha fəal rol alması İsrail üçün yeni strateji çətinliklər yarada bilər. Məqalədə Ankaranın NATO üzvü olması, Qərblə münasibətlərini qoruması və regional hərbi-diplomatik imkanlara malik olmasının onu İrandan fərqləndirdiyi qeyd edilib.

Təhlilin sonunda isə vurğulanıb ki, Türkiyənin Livan və Suriyadakı mövqeyinin daha da güclənməsi Şərqi Aralıq dənizində qüvvələr nisbətini dəyişə və regionun geosiyasi xəritəsini yenidən formalaşdıra bilər.

Müəllif: Roza

Mənbə: publika.az