Sərhəddə Ukrayna-Belarus gərginliyi - Lukaşenko geri çəkiləcəkmi?

Sərhəddə Ukrayna-Belarus gərginliyi -

Ukrayna prezidenti Volodimir Zelenski Belarusdan "Rusiya və İran dronlarının istismarını" asanlaşdıra biləcək ötürücü retranslyatorların istifadəsini və ya texniki dəstəyini dayandırmağı tələb edib.

Belarus bununla bağlı müxtəlif kanallar vasitəsilə "xəbərdarlıqlar" alıb.
Ukrayna Prezidentinin sözlərinə görə, rəsmi Minsk bu "xəbərdarlıqlara" əməl etmədikdən sonra isə Kiyev ictimai siqnallara müraciət etməli olub.
Bu əsasda Zelenski bəyan edib ki, Belarus tərəfi onları çıxarmasa, bir həftə ərzində baş verən hər şeyi lentə alacaqlar.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiya Belarus-Ukrayna sərhədində quraşdırılan ötürücü retranslyatorlar vasitəsilə Ukrayna ərazisini həm izləyir, həm də kəşfiyyat xarakterli məlumatlar əldə edir:
“Elə retranslyator ötürücüləri var ki, kəşfiyyat xarakterlidir. Cəbhənin müəyyən dərinliklərində nələrin baş verdiyini antenalar vasitəsilə ötürür. Hərbçilər bu yolla məlumatları əldə edib, sonradan onu təhlil edirlər. Məsələn, həmin qurğular rahat şəkildə buraxılan dronların hara uçduğu, düşdüyü, Ukrayna ərazisindəki təyyarələrin haradan hara hərəkət etdiyi barədə məlumatlar əldə edir”.
Ekspertin fikrincə, Belarus bu tələbə əməl etməsə, Kiyev həmin ötürücüləri sıradan çıxaracaq:
“Kiyevin bununla bağlı Minsk qarşısında qoyduğu tələb çox ciddidir. Minski ölçü götürərək, tələbə əməl etməsə Ukrayna bu həftə ərzində həmin ötürücüləri sıradan çıxaracaq. Burada söhbət heç də Belarusa zərbə endirməkdən getmir. Minsk həmin ötürücüləri yığışdırmalıdır. Ukrayna tərəfindən Belarusa hər hansı bir təhlükə yoxdur ki, Minskin həmin addımına haqq qazandırmaq mümkün olsun. Bu ötürücü yalnız Rusiyaya lazımdır”.
Həmsöhbətimizin sözlərinə görə, Lukaşenkonun ötən günləri Zelenskidən üzr istəməsi də boşuna deyil:
“O, Ukrayna və bu ölkə rəhbərliyilə bağlı işlətdiyi bəzi ehtiyatsız fikirlərinə Kiyevin sərt cavabı fonunda üzr istəməli olub. Zelenskinin bu ultimatumu ciddidir. Minsk onu nəzərə almalıdır və yəqin ki, alacaq”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az