İran-ABŞ danışıqları ilə bağlı qalmaqal: Bu iddia Tehranı qarışdırdı

İran-ABŞ danışıqları ilə bağlı qalmaqal: Bu iddia Tehranı qarışdırdı

İranda ABŞ ilə aparılan danışıqlar və əldə olunan razılaşmalarla bağlı ciddi gərginlik yaşandığı iddia olunur.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mahmud Nəbəvian dövlət televiziyasında çıxışı zamanı dini liderə aid olduğu iddia edilən gizli yazışmalar və məktublardan danışaraq sensasiyalı açıqlamalar verib.

Nəbəviyan bildirib ki, Müctəba Xamenei müzakirə heyətinə gizli məktublar göndərib və danışıqlar üçün 11 şərt irəli sürüb, lakin onun təlimatları yerinə yetirilməyib. Onun sözlərinə görə, bu şərtlər arasında ABŞ-dan təzminat tələb edilməsi, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və uranın zənginləşdirilməsi hüququnun qorunması kimi tələblər yer alır. O həmçinin Hörmüz boğazında İranın tam nəzarətinin təmin olunması və keçid haqqı alınması ideyasının da gündəmdə olduğunu iddia edib.

Açıqlamalardan sonra veriliş qəfil dayandırılıb, daha sonra isə yayımla bağlı yüksək vəzifəli bir şəxsin istefa verdiyi bildirilib. İran dövlət televiziyası IRIB Nəbəvianın iddialarını “qanun pozuntusu” adlandıraraq hüquqi təqib tələb edib. Müzakirə heyəti isə səsləndirilən fikirləri “köhnə və təhrif olunmuş məlumat” kimi qiymətləndirərək təkzib edib.

Məlumata görə, danışıqlar prosesi ətrafında İran daxilində fikir ayrılıqları dərinləşib. İddialar həm hakimiyyət daxilində, həm də siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.

Nəbəvian isə “Telegram” kanalında mövqeyini müdafiə edərək danışıqlardan əvvəl yerinə yetirilməli 4 əsas şərtin olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bunlara bölgədə müəyyən hərbi-siyasi gərginliklərin azalması, dondurulmuş vəsaitlərin azad edilməsi, sanksiyaların yumşaldılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması daxildir.

İsveçrədə danışıqları davam edərkən, sızmaların kim tərəfindən yayıldığı ilə bağlı araşdırma aparıldığı qeyd olunub.

Müəllif: Roza

Mənbə: publika.az