Zakir Həsənov Ordunun şəxsi heyətini təbrik etdi

Zakir Həsənov Ordunun şəxsi heyətini təbrik etdi

Müdafiə naziri Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas etmişdir.

Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində respublikamızın dövlət müstəqilliyi əbədi, sarsılmaz, dönməz olmuşdur. Bu gün dünyada söz sahibi olan müasir, müstəqil Azərbaycan dövlətinin inkişaf tarixi qürur mənbəyimizdir.

Ulu Öndərin dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası Möhtərəm Prezident cənab İlham Əliyevin sayəsində uğurla davam etdirilərək xalqımıza Azərbaycanın dövlətçilik tarixində Böyük Zəfərin təntənəsini yaşatdı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.

Ali Baş Komandanın apardığı müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı ilə qətiyyətli addımları, eyni zamanda, ordumuzun peşəkarlığı, yüksək döyüş əzmi və mənəvi-psixoloji hazırlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur.

Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha göstəricisidir.

Azərbaycan Respublikasında 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasına böyük töhfədir.

Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir.

Əminəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti xalqımızın Ümummilli Liderinin ideyalarına sədaqətini əməllərində, xidməti vəzifələrində nümayiş etdirməklə Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqlarını daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir.

15 İyun - Milli Qurtuluş Günü münasibətilə ordumuzun şəxsi heyətini bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram".

Mənbə: publika.az