Rusiya Daxili İşlər Nazirliyi və kibertəhlükəsizlik ekspertləri hərbi xidməti başa vurmuş vətəndaşları hədəf alan yeni və təhlükəli fırıldaqçılıq sxemi barədə xəbərdarlıq ediblər.
Cinayətkarlar bu dəfə qurbanları tələyə salmaq üçün "sığorta ödənişləri" bəhanəsindən və psixoloji təzyiqdən istifadə edirlər.
Rusiya KİV-nə istinadən xəbər verilir ki, bir neçə mərhələdən ibarət olan cinayətkar sxem aşağıdakı qaydada qurulub:
İlk mərhələdə ordudan tərxis olunmuş şəxsə naməlum şəxs zəng edərək özünü Rusiya Müdafiə Nazirliyinin əməkdaşı kimi təqdim edir. O, vətəndaşa hərbi xidmət dövrünə görə böyük məbləğdə "sığorta ödənişi" düşdüyünü bildirir. Ödənişin rəsmiləşdirilməsi bəhanəsi ilə qurbanın pasport məlumatları və VÖEN-i tələb olunur. Məlumatları aldıqdan sonra zəng vurulur.
Bir müddət sonra həmin şəxsə özünü "Qosunluqi" portalının texniki dəstək xidmətinin əməkdaşı kimi təqdim edən şəxs zəng edir. O, qurbana şəxsi məlumatlarının oğurlandığını və onun bank hesablarından Ukrayna ordusuna maliyyə yardımı köçürülməsi faktının qeydə alındığını deyərək panika yaradır.
Sxemin son mərhələsində prosesə saxta FSB (Federal Təhlükəsizlik Xidməti) əməkdaşı qoşulur. O, dövlətə xəyanət və Ukrayna ordusunu maliyyələşdirmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunma hədəsi qorxusu yaradaraq, vətəndaşa polisə müraciət etməyi qəti qadağan edir.
"Kömək etmək" bəhanəsi ilə qurbana bankdakı bütün pullarını nağdlaşdırıb təcili olaraq "təhlükəsiz hesaba" köçürməyi tapşırır.
Nəticədə, həm cinayət təqibindən qorxan, həm də pullarını itirmək istəməyən vətəndaş fırıldaqçıların təlimatlarına əməl edərək bütün yığımlarını öz əlləri ilə cinayətkarlara ötürür.
Hüquq-mühafizə orqanları vətəndaşları bu növ zənglərə inanmamağa və dərhal rəsmi qurumlarla əlaqə saxlamağa çağırıb.
Mənbə: bizim.media