Ukrayna Silahlı Qüvvələri (USQ) iyunun 11-nə keçən gecə Xerson vilayətini Krım yarımadası ilə birləşdirən dörd körpüyə zərbələr endirib.
Bu barədə Rusiyanın işğal altındakı Xerson vilayətinə təyin etdiyi "qubernator" Vladimir Saldo məlumat yayıb.
Saldonun sözlərinə görə, ilkin məlumatlara əsasən, konstruksiyalara ziyan dəyib və hazırda mütəxəssislər tərəfindən müayinə işləri aparılır.
Hücuma məruz qalan nəqliyyat qovşaqları bunlardır:
Preobrajenka və Mırne qəsəbələri yaxınlığında Şimali Krım kanalı üzərindən keçən keçidlər;
Perekop — Armyansk istiqamətindəki avtomobil körpüsü;
Stavki yaşayış məntəqəsi yaxınlığındakı körpü.
Rusiya tərəfi gecə ərzində vilayət səmasında Ukraynaya məxsus 45 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu iddia edib. Saldo qeyd edib ki, Ukrayna tərəfi zərbələri regionun nəqliyyat infrastrukturuna yönəltməyə çalışır.
Qeyd edək ki, bundan bir qədər əvvəl — 9 iyunda Çonqar körpüsü, daha əvvəl isə Geniçeski Krımın Arbat dili ilə birləşdirən keçid də vurulmuş və hərəkət dayandırılmışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 1-də bəyan etmişdi ki, Ukrayna ordusu artıq müvəqqəti işğal olunmuş demək olar ki, bütün ərazilərdə Rusiyanın hərbi logistikasını hədəf almaq imkanına malikdir. O, bunun ilkin nəticəsi kimi Krımda yanacaq qıtlığının yarandığını vurğulamışdı.
Ardıcıl logistik zərbələr fonunda Krım yarımadasında ciddi yanacaq böhranı başlayıb. Rusiyalı rəsmilər əvvəlcə bir nəfərə maksimum 20 litr benzin satışı limiti və talon sistemi tətbiq etsələr də, vəziyyətin pisləşməsi fonunda iyunun 4-dən etibarən nağd pulla sərbəst benzin satışı tamamilə dayandırılıb.
Mənbə: bizim.media