Deputat: "Bu maaşla peşəkar kadr saxlamaq mümkün deyil"

Deputat: "Bu maaşla peşəkar kadr saxlamaq mümkün deyil"

"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun vəziyyətdə deyil. Mən bunu rahatlıqla təsdiqləyə bilərəm".

Bu sözləri deputat Fazil Mustafa Milli Məclisdə "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Deputat bildirib ki, Ələt qəsəbəsindən Qırız kəndinə qədər ölkənin müxtəlif bölgələrində yerləşən çoxsaylı kitabxanalarda olub:

"Bəzi yerlərdə döşəmələr sıradan çıxıb, binalar köhnəlib, istilik sistemi yoxdur. Bu, bugünün problemi deyil, 30-40 ilin yığılıb qalmış problemidir. Belə şəraitdə çalışan kitabxanaçı qışda soyuq otaqda, yayda isə uyğun olmayan şəraitdə səhər saat 9-dan axşam 6-ya qədər işləməyə məcbur qalır. Bunun müqabilində aldığı əməkhaqqı isə təxminən 420-550 manat arasında dəyişir. Üstəlik, işə gəlmək üçün bir neçə marşrut dəyişən, nəqliyyata əlavə vəsait xərcləyən kitabxanaçının əlində qalan məbləğ bəzən 300-350 manatdan da az olur".

Fazil Mustafa qeyd edib ki, bu maaşla nə peşəkar kadrları saxlamaq, nə də gəncləri kitabxana sisteminə cəlb etmək mümkündür:

"Ona görə də biz xüsusilə 50 yaşdan yuxarı kitabxana işçilərinin təcrübəsinə daha çox dəyər verməliyik. Bu sahədə əsas kapital məhz onların topladığı bilik və yaddaşdır. Əgər bu təcrübəni qoruya bilməsək, gələcəkdə ciddi çətinliklərlə üzləşəcəyik".

///Qaynarinfo

Mənbə: azxeber.com