Respublika Klinik Xəstəxanasında qanvermə prosedurundan keçmək istəyən vətəndaş elektron qeydiyyat sisteminin işləməməsi səbəbindən donor ola bilməyib.
Bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, tanışı əməliyyat olunacaq xəstə üçün ondan qan donoru olmasını xahiş edib. Vətəndaş bu məqsədlə xəstəxanaya yollanıb. Yoxlamalardan sonra qan vermək üçün uyğun olduğu bildirilsə də, elektron sistemin işləməməsi səbəbindən donor ola bilməyib.
Ona bir saat sonra yenidən gəlməsi tövsiyə edilib. Lakin sistemin nə vaxt işləyəcəyinə dair məlumat verilməyib.
"Maraqlıdır, TƏBİB-in tabeliyində olan xəstəxanalarda sistem işləmədiyi halda, özəl klinikalarda necə işləyir? Bu sistemə kim cavabdehdir? Dövlət şəhərin mərkəzində böyük bir xəstəxana tikib ki, insanlar tibbi xidmətlərdən istifadə edə bilsinlər. Yüzlərlə həkim, minlərlə xəstə dəhlizlərdə gözləyir. Sistemə cavabdeh şəxs nə vaxt bu problemi aradan qaldıracaqlar? Niyə belə olmalıdır axı?!".
TƏBİB-dən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Mənbə: www.bakupost.az