2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə yenisabah-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, tədbirlər ölkə başçısının 10 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.

Dövlət Proqramının Tədbirlər Planının 8.4.7-ci bəndinə əsasən, qida məhsullarının allergenlər üzrə laborator müayinələrə cəlb edilməsi, eləcə də əldə olunan nəticələr əsasında etiket məlumatlarının uyğunluğunun monitorinqi nəzərdə tutulur.

Bununla yanaşı, monitorinqlərin nəticələri təhlil ediləcək və müvafiq təkliflər hazırlanacaq. Əhalinin qida məhsullarında allergenlərlə bağlı məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbirləri də həyata keçiriləcək.

Qeyd edək ki, allergenlər bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilən maddələrdir. Bu baxımdan, qida məhsullarının etiketlərində allergenlərlə bağlı məlumatların düzgün göstərilməsi istehlakçıların sağlamlığının qorunması baxımından əhəmiyyət daşıyır.

Mənbə: konkret.az