Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya şəhadətnaməsi ləğv edilən tanınmış plastik cərrah Rəşad Babayev ölkə rəhbərliyinə müraciət edib.
Həkim videomüraciətində 2023-cü ildə aldığı sertifikasiya şəhadətnaməsinin nazirlik tərəfindən heç bir hüquqi əsas göstərilmədən ləğv olunduğunu və bunun nəticəsində hüquqlarının pozulduğunu iddia edib.
Rəşad Babayev bildirib ki, o, uzun illər plastik cərrahiyyə sahəsində həm praktik, həm də elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur və tibb elmləri üzrə fəlsəfə doktorudur:
“Bu gün mən və mənim kimi yüksək elmi dərəcəli mütəxəssislər süni yaradılmış bürokratik maneələr səbəbindən öz doğma vətənimizdə xalqımıza xidmət etmək hüququndan məhrum olmuşuq.
Səhiyyə Nazirliyi tərəfindən mənim 2023-cü ildə qanuni şəkildə aldığım sertifikasiya şəhadətnaməm heç bir ciddi hüquqi əsas gətirilmədən ləğv edilib. Səbəb kimi rezidentura təhsilimin olmaması göstərilir. Halbuki mən rezidentura təhsili alanlara dərs keçirəm, onların ixtisasına uyğun bilik və bacarıqları öyrədirəm.
Şagirdinə icazə verilən fəaliyyətin onun müəlliminə qadağan edilməsi nə məntiqlə, nə də ədalətlə izah oluna bilər.
Hüquqi ziddiyyət olaraq qeyd edim ki, “Təhsil haqqında” Qanunda sertifikasiyadan keçmək üçün yalnız rezidentura təhsili mütləq şərt kimi göstərilməyib. Mənim ali tibbi təhsilim, elmi dərəcəm və illərlə topladığım təcrübəm qanun qarşısında bu fəaliyyətlə məşğul olmağım üçün tam əsas yaradır.
Sertifikasiyanın əsas məqsədi həkimin bilik və bacarığını yoxlamaqdırsa, mən bu imtahanlardan uğurla keçmişəm. Bilik və bacarığım dövlət sənədi ilə təsdiqləndiyi halda əlimdən alınması peşəkar fəaliyyətimə və elmi karyerama vurulan ağır zərbədir”.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Rəşad Babayevin sertifikasiya şəhadətnaməsinin ləğvi ilə bağlı müvafiq qərar qəbul olunub. O isə qərarla razılaşmayaraq nazirliklə bağlı məhkəməyə müraciət edib. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.
Lalə Novruz
Mənbə: www.bakupost.az