“Evdə tək” komediyasının ulduzu Devin Retrey əfsanəvi filmin sikvelinə dəvət olunmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TMZ nəşri məlumat yayıb.
Mənbə bildirib ki, əvvəlki filmlərdə baş qəhrəman Kevinin böyük qardaşı Bazzı canlandıran Retrey hazırlanan yeni layihə barədə heç bir bildiriş almayıb. Bununla belə, insayder dəvət olunacağı təqdirdə aktyorun “Evdə tək” irsinin müsbət məcrada davam etməsi üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, “Evdə tək” (1990) və “Evdə tək 2: Nyu-Yorkda itmiş” (1992) filmlərində rol almış Retrey 2021-ci ildə çəkilmiş filmdə yenidən Bazz rolunu canlandırıb. Franşizanın bu filmində onun böyüyərək polis olduğu əks olunub.
Bununla belə, aktyor şəxsi həyatı ilə də gündəmə gəlib. Belə ki, keçmiş sevgilisi Devin Retreyin 2021-ci ilin dekabrında ona hücum etdiyini bildirib. Məhkəməyə şikayət edən qız bildirib ki, Retreyin bu hərəkətinə səbəb onun aktyorun avtoqrafı olan iki fotoşəklini pul qarşılığı olmadan pərəstişkarlara verməsi olub.
2024-cü ilin fevralında aktyor məişət zorakılığı ilə bağlı iki ittiham bəndi üzrə özünü təqsirli bilib. Məhkəmə ona üç il sınaq müddəti təyin edib. O həmçinin spirtli içki və narkotik asılılığından məcburi reabilitasiya proqramı keçməyə, qadağan olunmuş maddələrə görə müntəzəm testlər verməyə məhkum edilib.
Xatırladaq ki, daha əvvəl “Walt Disney Co.” kinostudiyası məşhur “Evdə tək” franşizasının yeni filmində baş rol üçün aktyor Makoley Kalkini geri qaytarmağı planlaşdırdığı barədə xəbərlər yayılıb. Bildirilib ki, layihə üzərində işlər hazırda ilkin mərhələdədir.
Mənbə: qafqazinfo.az