Əməkdar artist Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi tarixi dəqiqləşdi

Əməkdar artist Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi tarixi dəqiqləşdi

Bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi həftəsonu Almaniydan Azərbaycana yola salınacaq.

Bu barədə Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmov məlumat verib.

O bildirib ki, Arif Mirzəyevin nəşinin Azərbaycana aparılması ilə bağlı zəruri işlər başa çatıb:

“Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı bütün zəruri işləri yekunlaşdırmışıq. Bəzi kiçik məsələlər qalıb”.

***

Almaniyada 83 yaşında vəfat edən azərbaycanlı bəstəkar, pianoçu və orqan ifaçısı, Əməkdar artist Arif Mirzəyevin nəşinin Azərbaycana gətirilməsi ilə bağlı zəruri işlər görülür.

Bu barədə Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, 1944-cü ildə Bakıda anadan olan Arif Mirzəyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq ixtisası üzrə Qara Qarayevin sinfində təhsil alıb.

Uzun müddət Moskvada yaşayıb, daha sonra Almaniyaya köçərək yaradıcılıq fəaliyyətini bu ölkədə davam etdirib. Burada diaspor fəaliyyətinə də fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.

"Azərbaycan musiqi tarixində dini-memorial, orqan və polifonik musiqinin əsasını qoyan, müasir musiqidə polistilistikanın ustadlarından biri kimi tanınan Arif Mirzəyev Şərq mədəniyyəti ilə Qərb klassik polifoniyasını özünəməxsus şəkildə sintez edərək zəngin yaradıcılıq irsi formalaşdırıb. Alman və rusiyalı həmkarlarının “Şərqin İohann Sebastyan Baxı” adlandırdığı bəstəkar “İohann Sebastyan Baxın varisləri” beynəlxalq medalına layiq görülüb. O həmçinin Robin Lenqli adına Orqan kitabxanasının donatorlarından biri olub.

Görkəmli bəstəkar Arif Mirzəyev 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edib. 2024-cü ildə 80 illik yubileyi və əvəzolunmaz xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub",- məlumatda qeyd olunub.

Mənbə: publika.az