Fransanın ən dəbli kişiləri siyahısına daxil edilən məşhur “Petrossian” kürü evinin rəhbəri Mikael Petrossianın ailə tarixində Azərbaycanla bağlı olduqca maraqlı məqamlar üzə çıxıb. Araşdırma göstərir ki, dünyaca məşhur kürü imperiyasının ailə ağacının mühüm qollarından biri birbaşa Bakıya və Xəzər kürüsü biznesinə bağlanır.
Mikael Petrossian “Vanity Fair France” versiyasına görə Fransanın ən dəbli 20 kişisi sırasında yer alıb. Erməni əsilli fransız biznesmenin rəhbərlik etdiyi “Petrossian” isə bir əsrdən artıq tarixi olan dünyanın məşhur kürü brendlərindən biridir.
Şirkətin əsasını 1920-ci ildə Parisdə Mikaelin babası Muşeq Petrossian və onun qardaşı Melkum Petrossian qoyublar. “Le Monde”un Petrossian ailəsinin tarixindən bəhs edən araşdırmasına görə, qardaşlar Parisə Təbrizdən gəliblər və 1895-ci ildən İranda yaşayan erməni ailəsinin övladları olublar. Ailə İpək yolu üzərində ipəkqurdu yetişdirilməsi ilə məşğul olub, Muşeq və Melkum isə təhsil üçün Moskvaya göndəriliblər.
Lakin Mikael Petrossianın Azərbaycanla ən diqqətçəkən qohumluq xətti onun nənəsindən keçir.
1930-cu illərin əvvəllərində Muşeq Petrossian Parisdə İren – İrina Mailova ilə evlənib. İrina Bakıdan idi. “Le Monde”un araşdırmasında onun əcdadlarının Xəzərdə nərə balığı ovu ilə məşğul olduğu bildirilir. İrinanın atası Elie – İlya Mailov isə çar Rusiyasının böyük kürü istehsalçılarından biri kimi təqdim edilir. Mailovların sərvətinin digər mənbələrindən biri Bakı nefti olub.
Beləliklə, Mikael Petrossianın ailə ağacının Bakı qolu bu istiqamətdə davam edir:
Mailovlar → İlya (Elie) Mailov → İrina Mailova → Armen Petrossian → Mikael Petrossian.
Mailovlar XX əsrin əvvəllərində Bakının tanınmış erməni sahibkar ailələrindən biri olublar. Onlar neft və kürü biznesində böyük sərvət toplamış, şəhərin mədəni həyatında da iz qoymuşdular. Mailov qardaşlarının adı Bakıda indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının tarixi ilə də bağlıdır.
Mikaelin atası Armen Petrossianın ailə tarixində də Bakı ayrıca vurğulanır. “Le Monde” Armen Petrossian haqqında yazarkən onun ata tərəfinin Tiflisdən olduğunu, ana tərəfinin isə Bakıda neft və kürü ticarətindən varlandığını qeyd edir.
Məhz bu səbəbdən Petrossianların kürü biznesinin tarixində Bakı bağlantısı xüsusi maraq doğurur. Mikaelin babası Muşeq Petrossianın ailəsi Parisdə kürü ticarətinə başlamışdı, onun evləndiyi İrina Mailovanın ailəsi isə bundan əvvəl Xəzərdə nərə balığı və kürü biznesi ilə məşğul olan Bakı ailələrindən idi. “Le Monde” da bu evliliyin Petrossian evinin kürü sahəsində bilik və təcrübəsinin inkişafında roluna diqqət çəkir.
Mikael Petrossian özü də ailə biznesinin üçüncü nəslinin nümayəndəsidir. O, “Le Monde”a müsahibəsində uşaqlığının “Petrossian” mağazasının mətbəxində və ailə biznesinin içərisində keçdiyini, şirkətin babası və onun qardaşı tərəfindən yaradıldığını bildirib. Sonradan ailə şirkətinin rəhbərliyinə gələn Mikael bu ənənəni davam etdirib.
Musavat.com
Mənbə: musavat.com