Aktrisa Oksana Rəsulova sosial şəbəkə hesabında azyaşlı uşağa zorakılıq göstərildiyi iddia olunan görüntülər paylaşıb.
Oxu.Az xəbər verir ki, sənətçi paylaşımında görüntülərdə adıçəkilən psixoloq Ceyran Muradova ilə bağlı məsələnin araşdırılmasını istəyib.
Oksana Rəsulova qeyd edib ki, məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını xahiş edir.
"Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə əldə edəsiniz", - deyə aktrisa yazıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) müraciət daxil olub və müvafiq araşdırmalar aparılır.
"Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür", - deyə DİN-dən bildirilib.
Qeyd edək ki, videoda adıçəkilən psixoloq Ceyran Muradova ilə əlaqə yaratmaq cəhdlərimiz nəticə verməyib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: oxu.az