Laçında 3 gün davam edən Beynəlxalq Film Festivalı (LİFF) başa çatıb.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, festivalın rəsmi bağlanış mərasimi Laçın Şəhəri Günü münasibətilə təşkil olunmuş təntənəli tədbirlər proqramı çərçivəsində keçirilib.
Bağlanış mərasimi zamanı festivalın qalibləri - 5 yerli və 2 xarici rejissor “Qızıl Palıd Budağı” mükafatı ilə təltif ediliblər.
İlk mükafat Laçın Beynəlxalq Film Festivalına töhfəsinə görə, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədova verilib.
Cəmiyyətin aktual problemlərinin kino dili ilə ifadəsinə görə təltif olunan rejissor Elvin Rüstəmzadəyə mükafatı Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin baş direktoru Rəşad Əzizov təqdim edib.
“Ən yaxşı bədii film” nominasiyasında İlkin Umarov (“Hasarlar arxasında”), “Ən yaxşı sənədli film” nominasiyasında Elşad Ərşadoğlu (“İşığa doğru”) qalib gəliblər.
Kino aktyoru sənətinin inkişafındakı xidmətlərinə görə Şamil Süleymanlı mükafata layiq görülüb.
Fransalı rejissor Jan-Mari Vilnöv (Ən yaxşı qısa film) və qırğızıstanlı Toktobek Usonov (Münsiflərin xüsusi mükafatı) da vətənlərinə mükafatla qayıdıblar.
Qeyd edək ki, Şərqi Zəngəzurda ilk Beynəlxalq Film Festivalı Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin, Qarabağ Dirçəliş Fondunun, Bakı Abadlıq Xidmətinin və digər qurumların dəstəyi, “Hoçazfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilib. Festivalda iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunmuşdu. Onlardan 15 ölkəni təmsil edən 20 film seçilərək nümayiş olunub. O cümlədən Özbəkistanda istehsal edilmiş “Əmir Teymur” filminin (rejissor Ceykob Şvarts) xüsusi Qarabağ premyerası keçirilib.










Mənbə: qafqazinfo.az