Azərbaycanın tanınmış rejissoru, aktyoru və ssenaristi Mahir Dərviş aktyorluq karyerasını başa vurduğunu açıqlayıb.
Sənətçi bildirib ki, bundan sonra fəaliyyətini yalnız rejissor və ssenarist kimi davam etdirəcək.
Uzun illər Azərbaycan Televiziyasında (AzTV) çalışan Mahir Dərviş "Bəyin oğurlanması", "Ölsəm... bağışla", "Qəzəlxan", "Ümid", "Sirat körpüsü", "Teatral həyat", "Həyat çiçəyi" və digər ekran işlərində yaddaqalan obrazlar yaradıb, "Cəhd" filminin isə rejissoru və ssenari müəllifi olub. 65 yaşını tamamlayaraq əmək pensiyasına yollanan sənətkar aktyorluq fəaliyyətini başa vursa da, kino sahəsindən ayrılmadığını və yeni filmlər üzərində işləməyə davam edəcəyini deyir.
TVN.az-a müsahibə verən Mahir Dərviş aktyorluqdan ayrılmasının səbəblərindən, kino sahəsindəki problemlərdən, prodüserlərin yanaşmasından və gənc aktyorların üzləşdiyi çətinliklərdən danışıb: "Əslində, aktyorluqdan uzaqlaşmağı planlaşdırmamışdım. Mən 1976-cı ildə rəhmətlik Fazil Salayevin köməkliyi ilə “Azərbaycanfilm” kinostudiyasına qədəm qoymuşam. Yeniyetməliyimdən o kino məbədinə öyrəşdim, fəhləlikdən tutmuş rejissorluğa qədər yol keçdim. Hələ o illərdə kütləvi səhnələrdə çəkilirdim. 80-ci illərdə filmlərdə dekorator kimi çalışarkən Rasim Ocaqovun “Ölsəm... bağışla” filmində Fəxrəddin Manafovla qısa bir səhnəm oldu. Sonra Şahmar Ələkbərovun “Qəzəlxan” filmində Nizami Rəmzi ilə toyxana səhnəsində meyxana deyişməsi... Şahmar müəllim mənə dedi ki, gələcəkdə rejissor olmaq istəyirsənsə, aktyorluğu bacarmalısan. Onun sözü mənim üçün örnək oldu.
Sonradan həmkarlarımın, tələbələrimin, gənclərin dəvəti ilə filmlərdə, seriallarda çəkildim. Uğurlu obrazlar da alındı. Açığı, ayrılmaq istəməzdim. Lakin son dövrlər aktyorlara olan münasibəti, sosial şəbəkələrin və bəzi texnologiyaların sənətə gətirdiyi ucuzlaşmanı gördüm. İstedadlı gənclərimiz var, amma sənətə aidiyyəti olmayan insanlar bəzi televiziya kanallarını və sosial şəbəkələri zəbt ediblər.
Filmin maliyyə problemi varsa, bunu aktyorun qonorarından kəsməklə həll etməyə çalışırlar. Kabinet prodüserləri bu peşəni sevmədən, yalnız pul xatirinə sui-istifadə edirlər və bu da sənətə xələl gətirir. Bu cür məqamlar aktyorun dəyərini aşağı salır, məni də bir növ aktyorluqdan diksindirdi. Aktyor mənəviyyatını və istedadını xərcləyir; bunu isə həm mənəvi, həm də maddi tərəfdən dəyərləndirmək lazımdır. Mən məhz bu dəyərlərin itdiyini gördüyüm üçün kənara çəkildim. Lakin bu faciə deyil; mən rejissor və ssenarist kimi öz peşəmi davam etdirəcəyəm. Hal-hazırda tamamlanma işləri gedən, çəkəcəyim yeni filmim var".
Mənbə: unikal.az