Qazi kapitanın şikayətlərinə - Rəsmi cavab

Qazi kapitanın şikayətlərinə -

“Vətən müharibəsində Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində torpaqlarımızın azadlığı uğrunda döyüşmüşəm. Müharibədə yaralandım, bədənimin 60 faizi öz funksiyalarını itirdi. Hazırda ailəmlə kirayədə yaşayıram, maddi baxımdan kredit və müalicə xərclərimi qarşılamaqda çətinlik çəkirəm”.

Bu barədə “Qafqazinfo”ya qazi kapitan Rüfət Məmmədzadə müraciət edib.

O bildirib ki, II Qarabağ müharibəsindən sonra antiterror əməliyyatlarında da iştirak edib. Sonradan vəziyyəti pisləşdiyinə görə ötən ilin martında ehtiyata buraxılıb: “Füzuli-Xocavənd istiqamətində döyüşürdük. Daxili qanaxma ilə təxliyə olunmuşdum. Həmin vaxt bizim təxliyə olunduğumuz maşın vuruldu. Maşındakı 5 nəfərdən 4-ü yanaraq şəhid oldu, mən isə ağır yaralandım. 5-6 gün huşsuz vəziyyətdə olmuşam. Sonradan özümə gəldim, uzun müddət müalicə olundum. Hazırda 3-cü qrup əlil kimi pensiya və Prezident təqaüdü alıram. Amma bu, maddi baxımdan kifayət etmir. Kirayədə yaşayıram, kreditlərim çoxdur, hər ay min manata yaxın kredit ödənişim olur. Üstəlik, müalicə xərclərimi də özüm ödəyirəm. Mənə mənzil verilməsi üçün müraciət etdim, ona da müsbət cavab almadım. Ev verilmirsə, heç olmasa, iş verilsəydi, özüm işləyib kreditlərimi ödəyərdim. Təbii ki, ağır işlərə səhhətim imkan vermir...”

R.Məmmədzadə, həmçinin özünüməşğulluq proqramına qoşulduğunu da əlavə edib: “Dövlət Məşğulluq Agentliyinə müraciət etdim, mənə qoyunlar verdilər. Amma onları saxlamaq üçün də hər ay çobana 100 manat pul verirəm. 8 və 2 yaşlı iki uşağım var, çətinliklə dolanıram. Ayda 1-2 dəfə Türkiyəyə öz hesabıma müalicəyə gedirəm. Xahiş edirəm, mənə kömək edin”.

Problemlə bağlı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza belə cavab aldıq: “Vətən müharibəsi iştirakçısı Məmmədzadə Rüfət Afət oğlu dövlət tərəfindən müvafiq dəstək tədbiri ilə əhatə olunub. Ona 2024-cü ildə orqanizmin funksiyalarının 60% pozulmasına görə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilib.

Hazırda R.Məmmədzadəyə aylıq əsasda ümumilikdə 1495,26 manat (1165,26 manat pensiya, 330 manat Prezident təqaüdü) sosial ödəniş həyata keçirilir. Qeyd edək ki, Prezident İlham Əliyevin yeni imzaladığı müavinət və təqaüdlərin artırılması ilə bağlı Fərmana əsasən bu aydan ona ödənilən aylıq sosial ödənişin məbləği 1565,26 manat təşkil edəcək.

Ona müharibə zamanı aldığı ağır xəsarətə və əlilliyə görə ümumilikdə 4400 manat məbləğində sığorta ödənişi edilib. Bundan başqa ona Naxçıvan MR-in “Dəstək” fondu tərəfindən ümumilikdə 6000 manat məbləğində maddi yardım edilib. O həmçinin, 2024-cü ildə özünüməşğulluq proqramına cəlb olunaraq “Qoyunçuluq təsərrüfatı” zərfi üzrə aktivlərlə də təmin olunub.

R.Məmmədzadənin maddi-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ona Naxçıvan şəhərində yerləşən çoxmənzilli yaşayış binasında 2 otaqlı mənzil təklif olunsa da, o yaşayış sahəsinin az olduğunu iddia edərək bu təminatdan imtina edib”.

“YAŞAT” Fondundan isə sorğumuza cavab olaraq bildirilib ki, R. Məmmədzadənin Fonda bu günə qədər hər hansı bir istiqamət üzrə müraciəti daxil olmayıb: “Tibbi sığorta haqqında” Qanuna əsasən bütün əhali sığorta olunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən ödənişsiz olaraq yararlanmaq hüququna malikdirlər. Bu səbəblə də, Fondun əhatə dairəsinə daxil olan şəxslərin də müalicə məsələləri ilə əlaqədar ərazi üzrə tibb müəssisəsinə müraciət etmələri tövsiyə olunur (Çağrı mərkəzi 1542). Fond tərəfindən yalnız İcbari Tibbi Sığorta çərçivəsində təmin olunmayan tibbi xidmətlər (stomatoloji xidmətlər istisna olunmaqla) və dərman təminatı ilə bağlı müraciətlərə baxılır.

Vətəndaş Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyini təsdiq edən sənədi təqdim etməklə dərman vasitələri ilə təminat və İTS-in xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlər üzrə Fondun 8110 Çağrı mərkəzi vasitəsilə yaxud yashat.gov.az elektron portalı üzərindən müraciət edə bilər. Müraciətlərə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”na uyğun olaraq baxılır”.

Qeyd edək ki, R.Məmmədadə Azərbaycan Bayrağı Ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən Müharibəsi İştirakçısı” medalları ilə təltif olunub.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az