Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi açıqlanıb

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi açıqlanıb

Bu il aprelin 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 10 milyard 965,3 milyon manat və yaxud 2025-ci il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 8,4 %-i qədər olub.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 237,8 milyon manatı (5 milyard 434 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 727,5 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,2 %-ni sabit, 41,8 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.

Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 %, avro – 18,7 %, manat – 12,3 %, yapon yeni – 3,9 %, digər valyutalar – 1,8 %.

Mənbə: report.az