Bakı, 25 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tabeliyində Polimer Materialları İnstitutu (PMİ) və SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi (İB) arasında elmi-texniki əlaqələrin genişləndirilməsi, elmi tədqiqatların praktiki tətbiqinin təşviqi və qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının yaradılması istiqamətində görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Görüşün əsas məqsədi institutda aparılan elmi-tədqiqat işlərinin istehsalatın mövcud ehtiyacları ilə uyğunlaşdırılması, polimer materialları sahəsində birgə tədqiqatların həyata keçirilməsi və əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi olub. Görüşdə PMİ-nin elmi işlər üzrə direktor müavini kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva, Odadavamlı polimer kompozitlər laboratoriyasının müdiri vəzifəsini icra edən kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayeva, laboratoriyanın böyük elmi işçiləri – Leyla Abbasova və Vüsalə Dostuyeva, elmi işçi Vüsalə Vahabova və Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri vəzifəsi icra edən kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov iştirak ediblər.
Görüş zamanı elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq doğuran istiqamətlərin müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı institutun prioritet elmi-tədqiqat istiqamətləri, o cümlədən aşağı və yüksək sıxlıqlı polietilen qarışıqları əsasında yeni materialların alınması, polietilen əsaslı odadavamlı polimer kompozitlərin hazırlanması, polimerlərin müxtəlif üsullarla modifikasiyası sahəsində əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. Gələcək tədqiqatlarda istifadə üçün müvafiq polimer materialların əldə olunması, hazırlanan nümunələrin sənaye şəraitində sınaqdan keçirilməsi və sınaq aktlarının alınması, eləcə də elmi-tədqiqat işlərinin həyata keçirilməsi məqsədi ilə müəssisənin müasir laborator cihaz və avadanlıqlarından istifadə imkanlarının yaradılması istiqamətində müvafiq işlərin aparılması nəzərdə tutulub.
Qeyd olunan əməkdaşlıq istiqamətlərinin hüquqi və təşkilati əsaslarının müəyyənləşdirilməsi, tərəflərin öhdəliklərinin və qarşılıqlı fəaliyyət mexanizmlərinin rəsmiləşdirilməsi məqsədi ilə müvafiq əməkdaşlıq müqaviləsinin hazırlanması və imzalanması istiqamətində işlərin aparılması qərara alınıb. Bu əməkdaşlığın PMİ-də aparılan elmi-tədqiqat işlərinin praktiki əhəmiyyətinin artırılmasına, yeni polimer və kompozit materialların sənaye tətbiqinə hazırlanmasına, elmlə istehsalat arasında əlaqələrin möhkəmləndirilməsinə şərait yaradacağı gözlənilir.
Mənbə: azertag.az