Ən yüksək iqtisadi artım hansı sahələrdə olacaq? – Nazirdən açıqlama

Ən yüksək iqtisadi artım hansı sahələrdə olacaq? – Nazirdən

“Qarşıdakı dövr üçün makroiqtisadi proqnozlar qlobal qeyri-müəyyənlik nəzərə alınmaqla konservativ yanaşma əsasında hazırlanıb”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, proqnozlarda büdcə siyasətində son illərdə həyata keçirilən fiskal optimallaşdırma prinsipi əsas götürülüb:

"Bunlara - əsaslı xərclərin səmərəliliyinin artırılması, resurslardan qənaətlə istifadə və daha az xərclə daha yüksək nəticənin əldə edilməsi aid edilə bilər. Bu şərtlər daxilində 2027-ci ildə ÜDM-in 2,7 faiz artacağı gözlənilir. 2027–2030-cu illər üzrə orta illik iqtisadi artımın 3,3 faiz, qeyri-neft-qaz sektorunda isə 4,4 faiz olacağı proqnozlaşdırılır.


Bu dövrdə qeyri-neft-qaz sənayesində orta illik artımın 7 faizdən, informasiya və rabitədə 11 faizdən, turizmdə isə 8 faizdən yüksək, nəqliyyatda təqribən 5 faiz, kənd təsərrüfatında isə 2,8 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2025-ci ildəki 71,5 faizdən 2030-cu ildə 82 faizə yüksəlməsi proqnozlaşdırılır".

Mənbə: bizim.media