Azərbaycanda vətəndaşların fərdi pensiya hesablarında toplanan vəsaitdən pensiya yaşına çatmadan istifadə edə bilməsi məsələsi yenidən gündəmdədir.
Vətəndaşın pensiya kapitalı müəyyən məbləği keçdikdə, pensiya yaşına çatmadan həmin vəsaitin bir hissəsindən istifadə etməsinə necə imkan yaratmaq olar?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlama verib:
“Azərbaycanda vətəndaşların fərdi pensiya hesablarında toplanan pensiya kapitalından sağlığında istifadə etməsi, vəfat etdikdən sonra isə həmin vəsaitin ailə üzvlərinə və ya vərəsələrinə ötürülməsi məsələsi uzun müddətdir müzakirə olunur. Hazırda qanunvericiliyə görə, fərdi hesabdakı kapital yalnız qanunla müəyyən edilmiş pensiya yaşına çatdıqda və ya əlilliyə görə pensiya təyin olunduqda ödəniş formasına çevrilir”.
Deputat bildirib ki, pensiya kapitalından sağlığında istifadə və vəfat etdikdən sonra həmin vəsaitin vərəsələrə ötürülməsi üçün mövcud qaydalara dəyişiklik edilməli, konkret və hesablama prinsiplərinə əsaslanan mexanizm hazırlanmalıdır.
“Düşünürəm ki, vətəndaş pensiya yaşına çatmadan vəfat edərsə, topladığı pensiya kapitalının müəyyən hissəsinin varisinin hesabına köçürülməsi məqsədəuyğun ola bilər. Çünki vətəndaş uzun illər ərzində topladığı vəsaitdən özü istifadə edə bilmirsə, onun varislərinin həmin kapitaldan yararlanması həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətlidir. Bu, eyni zamanda vətəndaşın pensiya kapitalına gələcək üçün bir yığım kimi yanaşmasını təmin etmiş olar”, – deyə o bildirib.
Mənbə: konkret.az