Avtobusların interval məsələsi və tıxaclarla bağlı şikayətlər, demək olar, hər gün gündəmə gəlir.
Bu barədə sərnişinlər “APA TV”yə danışıb.
Onlar bildirib ki, avtobuslar dolu gəldiyi üçün çətinliklə içəri daxil ola bilirlər: “Məsələn, 2 nömrəli avtobus 15 dəqiqədən bir gəlir, amma dolu gəldiyi üçün 3-nü ötürüb elə minmək olur. Ünvan başına çatmaq üçün evdən 8-ə işləmiş çıxıram. Yollardayam. Saat 10-da işdə olmalıyam, amma o vaxta gedib çıxmaq olurmu ki?!”
Digər sərnişinlərdən biri qeyd edib ki, saat 5-də Sumqayıtdan gəlir və avtobusa minə bilmək üçün 2 saat gözləməli olur: “Əvvəllər avtobuslar tez gəlirdi, indi yox”.
Şikayətlənən başqa vətəndaşlardan biri isə bildirib ki, 3 saat yolda qalır: “Bayaqdan 1 saatdır avtobus gözləyirəm, hələ bundan sonra 2 saat da yolda olacağam. 7A marşrutu çox gec işləyir. Tıxaca görə də çətin gedirik”.
Məsələ ilə bağlı “BakuBus” MMC-dən bildirilib ki, marşrut xətləri üzrə avtobusların hərəkəti onlayn monitorinq mərkəzi tərəfindən mütəmadi izlənilir: “Yollarda yaranan nəqliyyat sıxlığı, aparılan təmir işləri və yol hərəkətinə tətbiq olunan müvəqqəti məhdudiyyətlər avtobuslararası intervallarda artıma səbəb ola bilər. Sıxlıq və tətbiq olunan məhdudiyyətlərlə bağlı hərəkət intervalı 7-8 dəqiqə nəzərdə tutulan 2 nömrəli marşrut xətti üzrə 17 dəqiqə faktiki interval qeydə alınıb. Sərnişindaşıma fəaliyyəti 35 avtobusla təşkil olunan, hərəkət intervalı 4-5 dəqiqə nəzərdə tutulan 7A marşrutunda 22 dəqiqə faktiki interval, hərəkət intervalı 16 dəqiqə nəzərdə tutulan E1 marşrutunda 22 dəqiqə faktiki interval qeydə alınıb”.
Məsələ ilə bağlı AYNA-ya da sorğu ünvanlansa da, heç bir cavab verilməyib.
Daha ətraflı videomaterialda:
Mənbə: qafqazinfo.az