Onlayn kredit götürmək çətinləşir – Xəbərdarlıq, yoxsa MÜJDƏ?

Onlayn kredit götürmək çətinləşir – Xəbərdarlıq, yoxsa MÜJDƏ?

Telefonun ekranında bir neçə düyməyə toxunursan, kredit məbləğini seçirsən və pul hesabına köçürülür. Sürətli və rahat görünən bu proses bəzən insanı fərqinə varmadan yeni borc öhdəliyinin içinə sala bilir. Azərbaycanda isə indi bu prosesin tempini aşağı salmaq istəyirlər. Yəni, məsafədən istehlak krediti götürmək daha əvvəlki qədər sürətli olmayacaq.

Oktyabrın 1-dən məsafədən istehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar qüvvədədir. Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən, vətəndaş banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) yazılı müraciət edərək öz adına məsafədən istehlak krediti verilməsinə və ya kredit limitinin artırılmasına məhdudiyyət qoya bilər.

Həmin şəxs sonradan məsafədən kredit götürmək və ya kredit limitini artırmaq üçün müraciət etdikdə, bank və ya BOKT müştərini bu barədə dərhal məlumatlandıracaq. Üstəlik, kredit təsdiqləndikdən sonra pul da dərhal hesaba köçürülməyəcək. Məbləğ minimum əmək haqqının iki mislindən çox olduqda vəsait 24 saat sonra təqdim olunacaq. Vəsait minimum əməkhaqqının iki mislinədək olduqda isə pul müqavilə bağlandıqdan və ya dəyişiklik edildikdən iki saat sonra veriləcək.

Bu qərarın verilməsi vətəndaşlar üçün müsbət, yoxsa mənfi nəticələr doğuracaq?

Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır —  MÜSAHİBƏ | Modern.az

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Musavat.com-a danışıb.

Hüquqşünas qəbul edilən qərarı kifayət qədər düzgün hesab edir: “Bu çox düzgün qərardır və vətəndaşların vəziyyətinə də müsbət təsir göstərəcək. Çünki son dövrlərdə xeyli belə hallar olmuşdu ki, vətəndaş ümumiyyətlə, başa düşmürdü ki, onun adına onlayn kredit rəsmiləşdirilib.

Bəzən insanlar bilmirdilər ki, belə bir imkan, ümumiyyətlə, müqavilədə nəzərdə tutulub. Onlara kimsə zəng edir – hakerdir, dələduzdur, yoxsa başqa biridir – özünü bank əməkdaşı kimi təqdim edir, bankın adından müxtəlif kodlar və məlumatlar istəyir. Vətəndaşın da ağlına gəlmir ki, bunun arxasında kredit rəsmiləşdirilməsi dayana bilər. Düşünür ki, mənim onsuz da bankda pulum yoxdur, nə baş verə bilər ki? Sonradan isə məlum olur ki, onun adına kredit götürülüb və həmin pul onun xəbəri olmayan istiqamətə köçürülüb”.

Hüquqşünasın fikrincə, şəxsin maliyyə, hüquqi və texnoloji savadının yüksək olması belə halların qarşısının alınmasına kömək edə bilər: “Təbii ki, insanın maliyyə və hüquqi savadı, müəyyən texnoloji biliyi varsa, belə halları daha asan başa düşə və qarşısını ala bilər. Amma insanların xeyli hissəsi bu məsələlərə kifayət qədər bələd deyil.

Üstəlik, bu, təkcə Azərbaycana xas problem deyil. Dünyanın müxtəlif ölkələrində də belə hallar baş verir. Belə vəziyyətdə onlayn kreditlərin rəsmiləşdirilməsi ilə bağlı əlavə qoruyucu mexanizmlərin tətbiqi, əslində, dələduzluq hallarının da qarşısının alınmasına xidmət edir. Təbii ki, onlayn kredit götürmək həm bank, həm də müştəri üçün müəyyən mənada sərfəlidir”.

Ekspert bildirib ki, onlayn kredit xidmətləri banklar üçün də kifayət qədər əlverişlidir: "Çünki müştərinin banka gəlməsinə ehtiyac qalmır, bank şöbələrinə və filiallarına olan tələbat azalır, işçi sayına ehtiyac da müəyyən qədər aşağı düşür. Bank onlayn xidmətlər vasitəsilə xərclərinə qənaət edir. Necə ki, vaxtilə banklarda kassirlər çox idi, amma bankomatlar meydana çıxandan sonra kassirlərin sayı azaldı. Eyni şəkildə, əvvəllər bankların filialları və bank əməliyyatçıları çox idi. Sonradan pul köçürmələrinin və bir çox digər əməliyyatların onlayn həyata keçirilməsi nəticəsində işçilərin sayı da azaldı. İndi banklar istəyirlər ki, kredit mütəxəssislərinin sayını da mümkün qədər azaltsınlar. Bu, bank baxımından başadüşüləndir.

Amma məsələ ondadır ki, bu proses vətəndaşın əleyhinə çevrilməməlidir. Onlayn kredit xidmətləri, əlbəttə, bu sahəni yaxşı bilən və texnologiyadan rahat istifadə edən vətəndaş üçün də sərfəlidir. Banka getmir, vaxt itirmir, kreditini onlayn şəkildə götürür. Lakin bunun geniş yayılması üçün müəyyən vərdişlərin və maliyyə mədəniyyətinin formalaşması lazımdır. Bu vərdişin, bu ənənənin, bu mədəniyyətin cəmiyyətdə tam oturuşması isə müəyyən vaxt tələb edir. İnsanlar onlayn maliyyə xidmətlərindən istifadə etdikcə və bu sahədə maarifləndikcə riskləri də daha yaxşı anlayacaqlar".

Mənbə: musavat.com