Azərbaycan məhsullarının xaricə çıxışına nə mane olur?

Azərbaycan məhsullarının xaricə çıxışına nə mane olur?

Azərbaycanda qeyri-neft-qaz sektorunda istehsalın və ixracın artırılması istiqamətində tədbirlər görülür. Sahibkarların xarici bazarlara çıxışında isə bir sıra problemlər qalmaqdadır.

İqtisadçı-ekspert Günay Hüseynova “Bakupost”a bildirib ki, Azərbaycanda sahibkarların xarici bazarlara çıxışında əsas problemlərdən biri müəssisə daxilində mütəxəssis çatışmazlığıdır.
Bu problem xüsusilə kiçik və orta sahibkarlıq subyektlərində daha ciddi şəkildə özünü göstərir.
“Qeyri-neft sektorunda ixrac üçün sahibkar bilməlidir ki, istehsal etdiyi hansısa məhsulu nə üçün ixrac edəcək. İxrac istəyi təkcə xarici valyuta ilə qazanc kimi düşünülməməlidir. İlk növbədə məhsulun keyfiyyəti yetərli səviyyədə olmalıdır. İkinci məsələ qiymət amilidir. Ölkəmizdə istehsal texnologiyasının yetərli olmaması səbəbindən marja orta-yüksək ola bilər. Ancaq bir məsələni də unutmamaq lazımdır: ölkə daxilində və ya xarici bazarda nə qədər məhsul orijinaldır və ya qatqısızdır? Orijinal məhsulun qiymətindən asılı olmayaraq hər zaman alıcısı var”, – deyə ekspert bildirib.
G.Hüseynova qeyd edib ki, sahibkarların xarici bazarı araşdırmaq üçün mütəxəssis cəlb etməməsi də əsas problemlərdəndir. Onun sözlərinə görə, bəzi sahibkarlar bir şəxsi xaricə göndərib bazarı ətraflı araşdırmağı xərc kimi qiymətləndirirlər.
“Sahibkar gözləyir ki, kiminsə tanışı və ya xarici bazarla əlaqəsi olsun və elə birbaşa məhsulu xarici bazara göndərsin. İndi kimsə sıfırdan başlayıb nə özü araşdırmaq istəyir, iqtisadi biliyi yetərli deyil, nə də imkan yaradır ki, mütəxəssisi işə qəbul edib bu prosesi ona həvalə etsin. Belə olan halda isə ixracda monopoliya formalaşır. İş həvalə olunur “kiminsə kimsəsinə””, – deyə o vurğulayıb.
Ekspert ixrac potensialında görünməyən problemlərə də diqqət çəkib. O bildirib ki, burada həm daşınma xərcləri, həm də məhsulun xarici görünüşü və dizaynı mühüm rol oynayır.
“Məsələn, az gəlirli sahibkar üçün daşınma xərci əlavə yükdür. İkinci məsələ dizayn məsələsidir. İstər yerli, istərsə də xarici istehlakçı ilk növbədə məhsulun görünüşünə və paketlənməsinə önəm verir. Əgər keyfiyyət göstəriciləri eynidirsə, ilk seçim görünüşdür.
Məsələn, Gürcüstan məhsulları xarici bazarda market vitrinlərində dərhal fərqlənir. Həmin ölkə əsasən spirtli içki istehsal edir. Avropa ölkələrində, xüsusilə bir evə qonaq gedərkən spirtli içki alıb aparırlar. Alıcının ilk seçəcəyi görünüş olur”, – deyə Günay Hüseynova bildirib.
İqtisadçının sözlərinə görə, sahibkarların xarici bazarlara çıxışını genişləndirmək üçün onları sərgilərlə tanış etmək, xarici sahibkarlarla görüşlər təşkil etmək və maarifləndirmə aparmaq lazımdır.
“Xarici ölkədə məhsulun satışında dəstək göstərilməsi, xarici bazarın tapılması və düzgün bazara yönləndirmə də məqsədəuyğun olardı”, – deyə ekspert əlavə edib.
Vüsalə Hüseynova,
BakuPost

Mənbə: www.bakupost.az