ABŞ Konqresindən tarixi sent qərarı: 230 illik ənənə başa çatır

ABŞ Konqresindən tarixi sent qərarı: 230 illik ənənə başa çatır

ABŞ Konqresi 1 sentlik sikkənin istehsalının dayandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihə ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanacağı təqdirdə, 230 ildən artıqdır davam edən sent istehsalına rəsmən son qoyulacaq.

Valyuta.az-a istinadən xəbər verilir ki, senatda keçirilən səsvermədə sent istehsalının dayandırılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Konqresdən keçən layihə ABŞ Prezidenti Donald Trampın təsdiqinə təqdim olunacaq. Trampın qanun layihəsini imzalaması ilə 230 ildən artıq müddətdən sonra sent istehsalına rəsmən son veriləcək.

ABŞ Zərbxanası dövriyyə üçün sent istehsalını 2025-ci ilin noyabrında dayandırmışdı. Zərbxana həmin tarixdə dövriyyəyə buraxılacaq son 1 sentlik sikkənin zərb edildiyini açıqlamışdı.

ABŞ Zərbxanasının açıqlamasında 1 sentlik sikkənin istehsalının ölkənin ehtiyaclarını qarşılamaq üçün artıq zəruri olmadığı əsas gətirilərək dayandırılmasına qərar verildiyi bildirilib.

Açıqlamada qərarın qəbul edilməsində sentin istehsal xərclərinin artmasının da rol oynadığı qeyd edilib. Bildirilib ki, sözügedən xərc son 10 ildə 1,42 sentdən 3,69 sentə yüksəlib.

Sent istehsalının dayandırılmasının ildə təxminən 56 milyon dollar qənaət təmin edəcəyi gözlənilir.

Mənbə: olke.az