“Tacikistan üçün ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır”

“Tacikistan üçün ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır”

“Dənizə çıxışı olmayan bir ölkə kimi Tacikistan üçün nəqliyyat və ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən biz regional nəqliyyat dəhlizlərinin daha da genişləndirilməsində, ticarət prosedurlarının sadələşdirilməsində, Mərkəzi Asiya, Çin, Cənubi Asiya, MDB ölkələri və digər regionların bazarları ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıyıq”.

Bunu Tacikistanın İqtisadi İnkişaf və Ticarət naziri Abdurahmon Abdurahmonzoda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sessiyada çıxışı zamanı bildirib.

“Biz anlayırıq ki, qlobal qeyri-müəyyənlik mühitində iqtisadi dözümlülüyə yalnız tək bir istiqamətə və ya tək bir tərəfdaşa arxalanmaqla nail olmaq mümkün deyil. Məhz buna görə də Tacikistan xarici iqtisadi əlaqələrini ardıcıl olaraq diversifikasiya edir və ticarət müstəvisində, eləcə də investisiya tərəfdaşları şəbəkəsini genişləndirməyə çalışır. Tacikistan üçün beynəlxalq əməkdaşlıq sadəcə mövcud çətinliklərin öhdəsindən gəlmək vasitəsi deyil. Bu, iqtisadi inkişaf üçün uzunmüddətli bir bünövrədir. Biz yeni tərəfdaşlıqlara və birgə investisiya layihələrinə, həmçinin ticarət, nəqliyyat, energetika, rəqəmsal iqtisadiyyat və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə açığıq.

Məqsədimiz sadəcə qlobal iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmaq deyil, bu dəyişiklikləri Tacikistanın iqtisadi transformasiyasını sürətləndirmək, iqtisadiyyatımızın rəqabət qabiliyyətini artırmaq, davamlı artımı və xalqımız üçün daha böyük imkanları təmin etmək üçün bir təkan kimi istifadə etməkdir”, - nazir bildirib.

Günel İbrahimova

Mənbə: qafqazinfo.az