Alparslan Bayraktar: "Qlobal enerji sektoru çox mühüm transformasiyadan keçir"

Alparslan Bayraktar: "Qlobal enerji sektoru çox mühüm transformasiyadan keçir"

"Qlobal enerji sektoru çox mühüm transformasiyadan keçir".

Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan-Türkiyə V Enerji Forumu çərçivəsində keçirilən ikitərəfli görüşdə deyib.

O bildirib ki, artıq enerji daha çox elektrik mərkəzli xarakter alır:

"Sənayenin, nəqliyyatın, binaların və gündəlik həyatın getdikcə daha çox elektrik enerjisi ilə təmin olunması elektrik enerjisinə tələbatı artırır və elektrik sistemlərinin əhəmiyyətini hər keçən gün yüksəldir.

Bu transformasiya, yəni dünyada enerjidə baş verən dəyişiklik, bizə aydın bir həqiqəti göstərir: artıq məsələ yalnız enerji istehsal etmək deyil. İstehsal olunan enerjini ən təhlükəsiz, dayanıqlı, sürətli və səmərəli şəkildə tələbat mərkəzlərinə, yəni istehlakçılarımıza, vətəndaşlarımıza çatdırmaqdır. Güclü və bir-biri ilə əlaqəli elektrik sistemləri enerji təchizatının təhlükəsizliyini dəstəkləyir, resurslardan daha səmərəli istifadə etməyə imkan yaradır. Bərpaolunan enerjinin sistemə inteqrasiyasını asanlaşdırır, ölkələr arasında yeni ticarət imkanları yaradır.

Bu səbəbdən biz interkonneksiyaları və ölkələr arasında yeni elektrik enerjisi ticarətini iki elektrik sistemi arasında yaradılan bağlantıdan daha artıq, ölkələrimizin enerji sistemlərini bir-birinə daha da yaxınlaşdıran strateji əməkdaşlıq sahəsi kimi qiymətləndiririk. Azərbaycanla birlikdə həyata keçirdiyimiz bu işlər məhz həmin baxışın mühüm hissəsini təşkil edir".

Mənbə: oxu.az