Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Sentyabr ayı Azərbaycanın müasir tarixinə suverenliyimizin tam bərpa olunduğu şanlı ay kimi daxil olub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də ölkəmizdə Dövlət Suverenliyi Günü qeyd edilir. Lokal antiterror əməliyyatları nəticəsində separatçılığa son qoyulan Qarabağda artıq genişmiqyaslı iqtisadi reinteqrasiya və bərpa mərhələsi yaşanır.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yalnız 2025-ci ildə işğaldan azad olunmuş torpaqların dirçəlişinə 5 milyard manatdan çox investisiya yönəldilib ki, bunun da 4.4 milyard manatını birbaşa dövlət büdcəsi vəsaitləri təşkil edib:

“Daha öncə məskunlaşmış ərazilər də daxil olmaqla, son 5 ildə Qarabağda illik ümumi məhsul buraxılışı 1 milyard 548 milyon manatdan 4 milyard 820 milyon manata yüksəlib. İqtisadiyyatın bütün əsas sahələrində artım faizlə deyil, dəfələrlə ölçülür. Sənaye istehsalı: 2.8 dəfə artıb. Fəaliyyət göstərən sənaye müəssisələrinin sayısı 2020-ci illə müqayisədə 2 dəfəyə yaxın artaraq 150-ni keçib. Tikinti sektoru: 3 dəfədən çox böyüyüb. Kənd təsərrüfatı: 1.7 dəfə artım nümayiş etdirib. Pərakəndə ticarət dövriyyəsi: 960.3 milyon manatdan 1 milyard 553 milyon manata çatıb. Turizm və infrastruktur: Regiondakı hotellərin sayı 11-dən 18-ə yüksəlib (2025-ci ildə də yeni mehmanxanalar açılıb). İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi isə 68 min 127 kv.m-dən 98 min 795 kv.m-ə qədər genişlənib.

Bir vaxtlar tamamilə xarabalığa çevrilən Qarabağ iqtisadiyyatı bu gün sürətli dirçəliş və dinamik inkişaf dövrünü yaşayır”.


Mənbə: yenisabah.az