Şərab idxalına yeni rüsum: yerli istehsala nə verəcək? - ŞƏRH

Şərab idxalına yeni rüsum: yerli istehsala nə verəcək? - ŞƏRH
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan bir sıra şərab məhsullarına gömrük rüsumları dəyişdirilir. 31 dekabr 2030-cu ilədək əsas şərab növləri üçün 15% gömrük rüsumu, lakin hər litr üçün minimum 3 ABŞ dolları tətbiq ediləcək. Spirt qatılığı 18%-dək olan şərablar üçün minimum spesifik rüsum 2 dollar, hazırda rüsumsuz olan bəzi qıcqırmış şərablar və konsentratlaşdırılmış şərab məhsulları üçün isə minimum 3 dollar müəyyənləşdirilir. Qərar dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.

Burada ən diqqətçəkən dəyişiklik faiz əsaslı rüsumun minimum məbləğlə tamamlanmasıdır. Hazırda bir litr şərab üçün 1,4 dollar ödənilirsə, yeni qaydada 15%-lik rüsum hesablaması nəticəsində məbləğ 3 dollardan aşağı düşdükdə minimum 3 dollar tətbiq olunacaq. Bu mexanizm xüsusilə aşağı və orta qiymət seqmentində idxal olunan şərabların gömrük yükünü əhəmiyyətli dərəcədə artıra bilər. Yəni bahalı şərabda 15%-lik advalor rüsum əsas yük olaraq qalacaq, daha ucuz məhsullarda isə litr üzrə minimum 3 dollar faktiki olaraq əsas tarifə çevriləcək.

Belə tarif siyasətinin əsas iqtisadi məntiqi daxili bazarın qorunmasıdır. Nazirlər Kabinetinin əvvəlki tarif dəyişiklikləri ilə bağlı izahlarında da bu tip qərarların yerli istehsalın rəqabət qabiliyyətinin artırılması və daxili bazarın qorunması məqsədi daşıdığı vurğulanıb. Deməli, yeni şərab rüsumlarını ayrıca bir fiskal qərar kimi deyil, müəyyən məhsul qruplarında yerli istehsalın mövqeyini gücləndirməyə yönələn daha geniş tarif siyasətinin elementi kimi qiymətləndirmək mümkündür.

Azərbaycanın şərab sektorunda belə yanaşmanın iqtisadi əsasları var. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2025-ci ildə ölkəyə 55,8 min dekalitr təbii üzüm şərabı və üzüm suslosu idxal olunub və bunun dəyəri 4,532 milyon ABŞ dolları təşkil edib. İdxalın əsas mənbələri arasında İtaliya, Gürcüstan, Rusiya və Fransa yer alıb. Bu struktur Azərbaycanın daxili bazarında həm kütləvi, həm də daha yüksək qiymətli idxal seqmentlərinin mövcud olduğunu göstərir.

Digər tərəfdən, yerli şərabçılığın inkişafı yalnız daxili bazarda idxalın əvəzlənməsi ilə ölçülməməlidir. Azərbaycanın üzümçülük və şərabçılıq sektorunun uzunmüddətli potensialı daha çox əlavə dəyərin ölkə daxilində yaradılmasından, emalın genişləndirilməsindən və ixrac coğrafiyasının böyüdülməsindən asılıdır. Bu baxımdan tarif müdafiəsi istehsalçı üçün yalnız əlavə vaxt və bazar üstünlüyü yaradır; həmin üstünlüyün davamlı iqtisadi nəticəyə çevrilməsi üçün keyfiyyət, məhsuldarlıq, brendinq və ixrac imkanları paralel şəkildə inkişaf etməlidir.

Bu məsələnin digər tərəfi istehlakçıdır. İdxalçı şirkətlər yeni rüsumun bir hissəsini məhsulun son qiymətinə ötürərsə, xaricdən gətirilən şərabların pərakəndə qiyməti arta bilər. Xüsusilə ucuz idxal məhsullarında litr üzrə minimum 3 dollarlıq rüsum daha ciddi qiymət təsiri yarada bilər. Belə vəziyyətdə daxili bazarda yerli məhsullar üçün qiymət üstünlüyü yaranacaq. Lakin həmin üstünlükdən istifadə etmək üçün yerli istehsalçının bazarda kifayət qədər çeşid və keyfiyyət təqdim etməsi vacibdir.

Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan şərab ixracında da rəqabət problemləri yaşayır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə təbii üzüm şərabı və üzüm suslosunun ixracı əvvəlki illə müqayisədə 14,8% azalıb. Bu göstərici göstərir ki, daxili bazarın tarif vasitəsilə qorunması ilə yanaşı, xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması da sektorun qarşısında duran əsas məsələlərdəndir.

Bu baxımdan yeni rüsumun 2030-cu ilin sonunadək müəyyənləşdirilməsi istehsalçıya daha uzunmüddətli planlaşdırma imkanı verir. Üzüm bağının salınması, yeni emal xəttinin qurulması, çən və saxlanma infrastrukturunun yaradılması kimi investisiyalar qısa müddətdə geri qayıtmır. Tarif siyasətinin bir neçə il üçün əvvəlcədən müəyyənləşdirilməsi sahibkara bazarın gələcək şərtlərini daha aydın görməyə və investisiya qərarlarını buna uyğun formalaşdırmağa imkan yarada bilər.

Lakin burada mühüm risk də var: tarif müdafiəsi bazarın rəqabət təzyiqini həddindən artıq zəiflətməməlidir. İdxal məhsulları yalnız rəqib deyil, eyni zamanda yerli istehsalçı üçün keyfiyyət və məhsul çeşidinin müqayisə edildiyi bir meyardır. Ona görə də yeni rüsumun əsas nəticəsi xarici şərabların bahalaşması deyil, Azərbaycan istehsalçısının daha keyfiyyətli, fərqlənən və ixrac potensialı olan məhsullar yaratması olmalıdır.

Azərbaycanın xarici ticarətində qeyri-neft məhsullarının rolunun artırılması fonunda şərabçılıq da daha böyük aqrar emal zəncirinin bir hissəsi kimi nəzərdən keçirilə bilər. Üzümçülükdən şərab istehsalına, qablaşdırmadan logistika və turizmə qədər uzanan zəncir bir hektar kənd təsərrüfatı sahəsinin yaratdığı əlavə dəyəri əhəmiyyətli dərəcədə yüksəldə bilər. Xüsusilə şərab turizmi, yerli brendlərin tanıdılması və coğrafi göstəricili məhsulların inkişafı bu sahənin yalnız daxili istehlak bazarından asılılığını azaltmağa kömək edə bilər.

Nəticə etibarilə, 2030-cu ilin sonunadək tətbiq olunacaq yeni rüsum yerli şərabçılıq üçün müəyyən qoruyucu çərçivə yaradır. İdxalın xüsusilə aşağı qiymətli seqmentində gömrük yükünün artması yerli məhsulların rəqabət mövqeyini gücləndirə bilər. Amma tarif müdafiəsinin real iqtisadi nəticəsi onun yaratdığı imkanların istehsal, keyfiyyət, brend və ixrac yatırımlarına çevrilməsindən asılı olacaq. Əks halda, dəyişiklik sadəcə idxal şərablarının qiymətini artıran mexanizm olaraq qala bilər; düzgün istifadə edildiyi halda isə üzümçülük və şərabçılıq üzrə daha dayanıqlı yerli dəyər zəncirinin formalaşmasına təkan verə bilər.

Mənbə: www.aznews.az