Azərbaycanda həkimlərin maaşı 20% də arta bilər - Pasiyent qiymətləndirəcək

Azərbaycanda həkimlərin maaşı 20% də arta bilər - Pasiyent qiymətləndirəcək

"72 mindən çox tibb işçisinin əməkhaqqının artırılması üçün illik əlavə 189 milyon manat, yaxud ayda 15,75 milyon manat vəsait yönəldiləcək. Artımlar müxtəlif kateqoriyalar üzrə fərqlənir".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ailə və sahə həkimlərində artım 74%, bəzi təcili yardım həkimlərində 61%, regionlarda uşaq anestezioloq-reanimatoloqlarında isə 107%-ə çatır.

"Nəticədə ayrı-ayrı həkim kateqoriyalarında aylıq əməkhaqqı 2000-3000 manat səviyyəsinə yüksəlir. Regionlar üçün ayrıca stimulların tətbiqini xüsusilə vacib hesab edirəm. Bakı ilə müqayisədə regionlarda həm tibbi xidmətlərin imkanları, həm də ixtisaslı həkim təminatı baxımından ciddi fərqlər qalır. Kadr çatışmazlığı olan regionlarda müəyyən xidmətlər üzrə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin regionlara cəlb olunması baxımından doğru yanaşmadır. Amma bu islahatın maaş artımından da maraqlı tərəfi başqa bir yenilikdir. Həkimlərin stimullaşdırıcı ödənişləri artıq pasiyent məmnunluğundan da asılı olacaq. Pasiyent xidməti 1-dən 5-dək qiymətləndirəcək, aylıq orta göstərici hesablanacaq və nəticədən asılı olaraq həkimin stimullaşdırıcı ödənişinə 0,8-1,2 əmsalı tətbiq ediləcək. Yəni, həkimin xəstəni məmnunu etməsindən asılı olaraq, maaşı daha 20 % arta bilər, və ya məmnun etməyən həkim maaşı 20% azala bilər.

Məsələn, aylıq stimullaşdırıcı ödənişi 2500 manat olan həkim üçün 0,8 əmsalı bu məbləği 2 000 manata endirəcək, 1,2 əmsalı isə 3 000 manata qaldıracaq. Deməli, eyni baza göstəricisinə malik iki həkimin yalnız pasiyent məmnuniyyətinə görə aylıq ödənişi arasında 1 000 manat, illik isə 12 000 manat fərq yarana bilər. Məhz bu yanaşma maaş artımının özündən də əhəmiyyətlidir. Çünki dövlət xidmətində əsas məsələ yalnız əməkhaqqının nə qədər olması deyil. Yaxşı və pis xidmət göstərən əməkdaşın (kadrın) eyni qazanmamasıdır. Bu prinsip yalnız səhiyyədə deyil, vətəndaşa xidmət göstərən digər sahələrdə də tətbiq oluna bilər. Elektrik, qaz, kommunal xidmətlərdən tutmuş təhsil və digər dövlət xidmətlərinə qədər əməkdaşların maddi stimullaşdırılmasının müəyyən hissəsinin xidmət keyfiyyəti və vətəndaş məmnunluğu ilə əlaqələndirilməsi xidmət səviyyəsinin yüksəlməsinə ciddi təsir edə bilər".

İqtisadçı qeyd edob ki, peşəkar özəl şirkətlər bunu çoxdan edirlər: "Çünki əməkdaşın gəliri ilə müştəri məmnunluğu arasında düzgün əlaqə qurulanda xidmət keyfiyyəti artıq yalnız rəhbərliyin tələbi deyil, əməkdaşın şəxsi iqtisadi marağına çevrilir. Dövlət xidmətlərində də vətəndaş həmin xidmətin istehlakçısıdır. Ona görə də hamıya eyni ödəniş yanaşmasından nəticəyə görə diferensial ödəniş modelinə keçid təkcə səhiyyə üçün deyil, bütövlükdə dövlət xidmətlərinin keyfiyyətinin artırılması baxımından perspektivli yanaşmadır. Təbii ki, burada bir şərt xüsusilə vacibdir. Pasiyent məmnunluğunun ölçülməsi obyektiv, kifayət qədər geniş qiymətləndirməyə əsaslanan və manipulyasiya imkanlarını minimuma endirən sistem üzərində qurulmalıdır. Əks halda yaxşı ideyanın özü düzgün olmayan qiymətləndirmədən zərər görə bilər".


Mənbə: unikal.az