Ağdam rayonunun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində əkinçiliklə məşğul olmaq istəyən sakinlər üçün torpaq ayrılması prosesinə start verilib.
Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahalərinin istifadəyə verilməsi ilə bağlı müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (eagro.az) üzərindən qəbul edilir.
Həmin kəndlərdə daimi qeydiyyatda olan və məskunlaşan sakinlərin müraciət mərhələsi sentyabrın 1-dən başlayıb və oktyabrın 1-i saat 23:59-a qədər davam edəcək.
Prosesin növbəti mərhələsində - oktyabr ayından etibarən müraciəti təsdiqlənən şəxslərə xüsusi təlimlər keçiriləcək, onlarla icarə müqavilələri bağlanacaq və sahələr yerində təhvil veriləcək. Torpaqların icarə müddəti birillik bitkilərin və yoncanın əkini üçün 2 il, çoxillik əkmələr üçün isə 5 il müəyyənləşdirilib. Torpaqdan səmərəli istifadə olunarsa, müqavilə müddətinin uzadılması nəzərdə tutulur.
Mənbə: yenisabah.az