Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, bu ilin iyul ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə həyata keçirilən bank sistemindən kənar köçürmələrin həcmi 41,9 milyon manat (60,9 min əməliyyat) təşkil edib.
Bankın məlumatları əsasında aparılan hesablamalara görə, ötən ilin iyul ayı ilə müqayisədə əməliyyatların sayı 28,5 min və ya 31,9 faiz azalıb, köçürmələrin həcmi isə 1,1 milyon manat və ya 2,7 faiz artıb.
AMB-nin məlumatına görə, hesabat dövründə bir köçürmənin orta məbləği 688,8 manat təşkil edib ki, bu da 2025-ci ilin iyul ayının göstəricisindən 232,7 manat və ya 51 faiz çoxdur.
Qeyd edək ki, bankın iyul ayının sonuna olan məlumatına görə, bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,785 milyon ədədə çatıb.
AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artıb.
Həmçinin qeyd olunur ki, debet kartlarının sayı 10,5 faiz artıb, kredit kartlarının sayı isə 4,6 faiz azalıb.
“İlin əvvəlindən ölkə daxilində nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artıb.
2026-cı ilin iyul ayında ölkə daxilində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,712 milyard manat təşkil edib. Nağdsız ödənişlərin ümumi həcmindən 8,455 milyard manat elektron ticarətin, 1,255 milyard manat POS-terminalların, 2 milyon manat isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə aparılan əməliyyatların payına düşüb.
İlin əvvəlindən ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində aparılan nağdsız əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının ümumi həcminin 69,8 faizini təşkil edib”, - bankın məlumatında deyilir.
Mənbə: az.trend.az