FES sentyabrda faiz artıracaq? – Bazar iki yerə bölünüb

FES sentyabrda faiz artıracaq? – Bazar iki yerə bölünüb

ABŞ Federal Ehtiyat Sisteminin (FES) sentyabr iclasında faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilər güclənsə də, istiqraz bazarında bu ssenariyə şübhə ilə yanaşanlar az deyil.

FES sədri Kevin Uorşun inflyasiya ilə mübarizədə sərt mövqeyini bir daha ortaya qoymasından sonra bazarlarda sentyabrda faiz artımı ehtimalı təxminən 60 faizə yüksəlib.
Bununla belə, bir sıra investorlar Uorşun açıqlamalarının FES-in sentyabrda mütləq faiz artımına gedəcəyi qənaətinə gəlmək üçün yetərli olmadığını bildirirlər.
ABN AMRO-nun investisiya direktoru Kristof Buşe FES-in faiz siyasətində hansı şərtlər daxilində addım atacağının hələ də tam aydın olmadığını deyib.
Brandywine Global-ın portfel meneceri Treysi Çen isə sərt açıqlamaların özlüyündə kifayət etmədiyini, əsas göstəricinin FES-in atacağı real addımlar olduğunu vurğulayıb.
Qeyd edək ki, Uorşun çıxışından sonra bəzi iri maliyyə qurumları da proqnozlarını dəyişməyə başlayıb. Barclays FES-in sentyabrda faiz dərəcəsini 25 baza bəndi artıracağını gözləyir. Bununla yanaşı, bazarda FES-in faizləri dəyişməz saxlayacağını düşünənlər də var.
Bu səbəbdən sentyabr iclasına qədər açıqlanacaq ABŞ-nin məşğulluq və inflyasiya göstəriciləri FES-in qərarı üçün əsas amillərdən hesab olunur.
Vüsalə Hüseynova

Mənbə: www.bakupost.az