Lüks avtomobilə sahib olmağın xərcləri onun satış qiyməti ilə yekunlaşmır. Belə avtomobillərin əksəriyyətinin texniki xidməti və təmiri daha baha başa gəlir, həmçinin onlar çox vaxt premium benzin tələb edir. Ehtiyat hissələrinin yüksək qiyməti, mürəkkəb elektron və mexaniki sistemlərin təmiri üçün ixtisaslaşmış ustalara ehtiyac da ümumi xərcləri artırır.
Bununla belə, bəzi lüks avtomobillər sahiblərinə digərlərindən daha çox xərc yarada bilər.
Təcrübəli mexanik Alan Gelfand 2026-cı ildə alarkən diqqətli olmağı tövsiyə etdiyi beş modeli açıqlayıb:
1. “Jaguar XJ”
“Jaguar” avtomobilləri dizayn və zərifliyi ilə seçilsə də, etibarlılıq baxımından eyni reputasiyaya malik deyil.
Gelfandın sözlərinə görə, “XJ” modelində elektrik komponentləri sıradan çıxmağa meyllidir, asqı hissələri isə orta göstəricidən daha tez köhnəlir.
Mexanik bildirib ki, avtomobilin asqı və soyutma sistemlərində də nasazlıqlara tez-tez rast gəlinir. Bundan başqa, ehtiyat hissələrinin tapılmasının çətinliyi və təmir üçün əməkhaqqının yüksək olması avtomobil sahibinin xərclərini artırır.
2. “Maserati Quattroporte”
Siyahının ikinci pilləsində “Maserati Quattroporte” qərarlaşıb. Model cəlbedici görünüşünə baxmayaraq, mühərrik, transmissiya və elektron sistemlərlə bağlı bahalı problemlərlə üzləşə bilər.
Gelfand qeyd edib ki, bu avtomobillər üzrə sertifikatlı mexaniklərin sayı digər lüks markalarla müqayisədə məhduddur. Bu isə təmir prosesini daha mürəkkəb və bahalı edə bilər.
“CarEdge” “Quattroporte” modelini qiymət və xərc baxımından “F” dərəcəsi ilə qiymətləndirib. Hesablamalara əsasən, avtomobilə sahibliyin ilk beş il üzrə orta ümumi xərci 164 456 dollara çatır.
3. “Audi Q7”
“Audi Q7” də yüksək istismar xərcləri ilə diqqət çəkir. “CarEdge” bu modelə “D+” qiyməti verib və ilk beş ildə avtomobilə sahibliyin orta xərcini 75 538 dollar hesablayıb.
Gelfandın sözlərinə görə, yürüş 100 min mili, yəni təxminən 161 min kilometri keçdikdən sonra avtomobilin elektrik və transmissiya sistemlərində, eləcə də mürəkkəb tam ötürücü sistemində nasazlıqlar yarana bilər.
“Q7” həmçinin “U.S. News & World Report”un 2026-cı ilin ən az etibarlı 10 avtomobili siyahısına daxil edilib.
4. “BMW X1”
“BMW X1” də 2026-cı ilin etibarlılığı aşağı qiymətləndirilən avtomobilləri sırasında yer alıb.
Mexanikin sözlərinə görə, yeni və zəmanət müddətində olan “X1” modelləri yaxşı təsir bağışlasa da, sonrakı dövrdə asqı sistemində nasazlıqlar yarana bilər. Soyutma sistemi və elektron modullar da bahalı texniki xidmət tələb edə bilər.
Gelfand xəbərdarlıq edir ki, əvvəlcə kiçik görünən texniki problemlər zaman keçdikcə yüksək təmir xərclərinə səbəb ola bilər.
5. “Land Rover Range Rover”
Siyahını “Land Rover Range Rover” tamamlayır. Model yolsuzluq imkanları ilə lüksü birləşdirməsi ilə tanınsa da, bəzi texniki sistemləri sahibləri üçün ciddi xərc yarada bilər.
Gelfand “Range Rover” modellərində üç əsas problemə daha çox rast gəlindiyini bildirib: pnevmatik asqının sıradan çıxması, elektrik sistemində nasazlıqlar və soyutma sisteminin problemləri.
Ehtiyat hissələrinin baha olması və təmir üçün ixtisaslaşmış ustalara ehtiyac ümumi istismar xərclərini daha da artırır.
“CarEdge” bu modelə də qiymət və xərc baxımından ən aşağı — “F” qiymətini verib. Hesablamalara görə, “Range Rover”ə sahibliyin ilk beş il üzrə ümumi xərci 141 424 dollar təşkil edə bilər.
Beləliklə, lüks avtomobil seçərkən yalnız ilkin satış qiymətinə deyil, uzunmüddətli texniki xidmət, təmir, ehtiyat hissələri və digər istismar xərclərinə də diqqət yetirmək vacibdir.
Mənbə: yenisabah.az