Təhsil haqqı artır, ödədiyimiz pulun qarşılığını ala bilirikmi?

Təhsil haqqı artır, ödədiyimiz pulun qarşılığını ala bilirikmi?

“Abituriyent” jurnalının 4-cü sayında açıqlanan məlumatlara görə, 2026/2027-ci tədris ili üzrə Azərbaycanda ali təhsil müəssisələrində bəzi ixtisasların illik təhsil haqları yüksəlib. Məsələn, bu il ADA Universitetində ingilis dilində maliyyə və hüquqşünas ixtisasları üzrə illik təhsil haqqı 8 min manat olub.

Adətən, artım hər il təkrar olunur.
Bəs görəsən, təhsil haqlarının hər il artmasının təhsilin keyfiyyətinə təsiri varmı?
Sabiq millət vəkili, təhsil mütəxəssisi Sona Əliyeva bildirib ki, təhsil haqqının yüksək olması hələ təhsilin keyfiyyətinin yüksək olması demək deyil:
“Universitetin təhsil haqqını artırmasının arxasında müxtəlif səbəblər dayana bilər. Müəllimlərin əməkhaqqının artırılması, daha güclü akademik heyətin cəlb edilməsi, laboratoriyaların yaradılması, texnologiyaların yenilənməsi, beynəlxalq proqramların genişləndirilməsi, tələbələr üçün yeni xidmətlərin yaradılması, bütün bunlar maliyyə tələb edir. Eyni zamanda, universitetlərin inzibati, kommunal və digər əməliyyat xərcləri də artır. Məsələn, ADA Universitetinin öz rəsmi məlumatında təhsil haqlarının illik olaraq təhsil xərclərindəki və inflyasiyadakı dəyişikliklərə uyğun tənzimləndiyi qeyd olunur. Yəni təhsil haqqındakı artımın hamısını avtomatik olaraq keyfiyyətə qoyulan əlavə investisiya kimi qəbul etmək olmaz. Qiymət və keyfiyyət eyni anlayış deyil”.
Onun sözlərinə görə, universitet tələbədən əvvəlkindən 2 min manat daha çox pul alırsa, həmin 2 minlik vəsaitin tələbəyə nə verdiyini göstərməlidir:
“Daha yaxşı müəllim, ya daha yaxşı maddi texniki baza olacaq, yoxsa praktik dərslər və ya xarici universitetlərlə real mübadilə proqramları hazırlanacaq və s. kimi suallara cavab verilməlidir. Çünki tələbə diplom almaq üçün deyil, həyata və əmək bazarına hazır olmaq üçün təhsil almalıdır. Bu baxımdan universitetlərin keyfiyyətini yalnız kampusun gözəlliyi, auditoriyaların müasirliyi və ya təhsil haqqının yüksəkliyi ilə qiymətləndirmək olmaz. Müəllim heyətinin səviyyəsi, tədris proqramlarının müasirliyi, tələbənin əldə etdiyi praktiki bacarıqlar, elmi-tədqiqat imkanları, beynəlxalq əməkdaşlıqlar və ən əsası məzunun əmək bazarındakı nəticəsi birlikdə qiymətləndirilməlidir”.
Müsahibimiz deyir ki, məzunların məşğulluğu məsələsi də burada mühüm göstəricidir:
“Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, 2022-ci ildə bakalavr təhsilini başa vuranların 62,3 faizi növbəti iki il ərzində əmək müqaviləsi ilə işə başlayıb. Bu göstərici 2018-ci ilin məzunlarında 55,2 faiz idi. Deməli, məzunların əmək bazarına keçidi ilə bağlı müsbət dinamika var”.
Ekspert hesab edir ki, universitetlərin keyfiyyət göstəricilərinə aşağıdakı suallar daxil edilməlidir:
“Məzunun hansı işə düzəldiyini də izləmək lazımdlr. O, ixtisası üzrə iş tapa bildimi? Nə qədər müddətə iş tapdı? Universitetdə qazandığı bacarıqlar işinə nə dərəcədə kömək etdi? Və ən əsası, aldığı təhsilə ödədiyi vəsaitin qarşılığını əmək bazarında görə bilirmi? 8 min manatlıq təhsil haqqı ödəyən tələbənin gözləntisi 2 min manatlıq təhsil haqqı ödəyən tələbədən təbii ki, fərqli olacaq. Bu, yalnız ailənin büdcəsinə aid məsələ deyil. Burada təhsilin sosial ədaləti və “ödədiyin pulun qarşılığında aldığın dəyər” məsələsi var. Bizdə bəzən təhsil haqqının yüksək olmasını universitetin prestiji ilə qarışdırırlar. Halbuki prestij başqa şeydir, keyfiyyət başqa. Bahalı universitet mütləq keyfiyyətli universitet deyil. Önəmli olan, universitetin tələbədən aldığı vəsaiti hansı nəticəyə çevirməsidir”.
S.Əliyevanın fikrincə, bundan sonra ali təhsil müəssisələri üçün daha şəffaf “təhsil haqqı – keyfiyyət – nəticə” üçbucağı formalaşdırılmalıdır:
“Valideyn və tələbə bilməlidir ki, ödədiyi 8 min manatın qarşılığında nə əldə edir. Valideynin ödədiyi 8 min manat universitet üçün gəlirdir. Lakin sosial institutun ən böyük parçası olan universitetlər də unutmamalıdır ki, bu vəsait bir ailənin bəzən illərlə topladığı vəsaitdir. Ona görə də hər əlavə manat tələbənin daha yaxşı müəllimə, daha yaxşı tədrisə, daha çox praktikaya, daha güclü bacarığa və daha yaxşı gələcəyə çevrilməlidir”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az