Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) ABŞ-nin texnologiya nəhəngi “Apple” barəsində rəqabət araşdırmasına başlayıb.
Buna səbəb şirkətin Rusiyanın yerli tətbiqləri və axtarış sistemləri ilə bağlı məhdudiyyətləri aradan qaldırmaması olub.
FAS bildirib ki, “Apple” iyulun əvvəlində göndərilən rəsmi xəbərdarlıqda göstərilən tələbləri tam yerinə yetirməyib. İddialara görə, şirkət “iPhone” və “iPad” cihazlarında Rusiyanın milli mesajlaşma tətbiqi “MAX” və yerli tətbiq mağazasının əvvəlcədən quraşdırılmasına imkan verməyib.
Qurumun açıqlamasına əsasən, araşdırma nəticəsində “Apple”ın Rusiya rəqabət qanunvericiliyini pozduğu müəyyən olunarsa, şirkət 4 milyard rubl (təxminən 50 milyon dollar) məbləğində cərimə oluna bilər.
Qeyd edək ki, Rusiyada qüvvədə olan qanunvericilik ölkədə satılan smartfon, planşet və kompüterlərdə Rusiya və ya Avrasiya İqtisadi İttifaqı ölkələrində hazırlanmış axtarış sisteminin standart seçim kimi təqdim edilməsini tələb edir.
Vüsalə Hüseynova
Mənbə: www.bakupost.az