ABŞ-ın Texas ştatında yerləşən 21 mağazada körpələr üçün nəzərdə tutulan qida məhsulları üzrə aparılan audit göstərib ki, rəflərdə əsasən ultraemal olunmuş məhsullar üstünlük təşkil edir. Məhsulların təxminən yarısı isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida dəyəri standartlarından ən azı birinə cavab vermir.
Araşdırmanın nəticələri Amerika Qidalanma Cəmiyyətinin təşkil etdiyi Nutrition 2026 konfransında təqdim olunub.
Texas Universitetinin Ostin kampusunun tədqiqatçısı Erin Hadson həmkarı Marissa Burqermaster ilə birlikdə Ostində fəaliyyət göstərən 21 ərzaq mağazasında körpə qidaları bölmələrinin rəflərini fotoşəkillərlə sənədləşdirib və 6–36 aylıq uşaqlar üçün nəzərdə tutulmuş 2783 məhsulu qiymətləndirib. Araşdırmaya süd qarışıqları, içkilər və ilk əlavə qida kimi istifadə olunan ənənəvi pürelər daxil edilməyib.
Nova təsnifat sisteminə əsasən, məhsulların 81 faizi ultraemal olunmuş qidalar olub. Tərkibin təhlili digər problemləri də üzə çıxarıb. Məhsulların 17 faizi şəkərin miqdarına dair ÜST tövsiyələrinə uyğun gəlməyib, 25 faizində natrium normadan yüksək olub, 11 faizi yağ tərkibi üzrə, 12 faizi isə enerji sıxlığı baxımından müəyyən edilmiş standartlara cavab verməyib. Standartlara uyğun olmayan məhsullar arasında paketlənmiş meyvə püreləri (yüksək şəkər tərkibi), yulaf batonları (şəkər və yüksək kalorililik), pendirli makaron (natrium və yağ), hinduşka ətindən hazırlanmış çubuqlar (natrium və yağ), həmçinin pendirli və yerfındıqlı qəlyanaltılar (kalorililik, natrium və yağ) yer alıb.
"Bir çox valideyn hesab edir ki, körpələr və azyaşlı uşaqlar üçün nəzərdə tutulan məhsullar müəyyən qida dəyəri standartlarına mütləq uyğun olmalıdır. Araşdırmamız göstərir ki, məhsulların təxminən yarısı bu tələblərə cavab vermir", – deyə Erin Hadson bildirib.
O vurğulayıb ki, yağ və ya kalorinin yüksək olması hər zaman məhsulun keyfiyyətsiz olduğu anlamına gəlmir. Onun sözlərinə görə, daha az emal olunmuş bəzi məhsullar yerfındığı və ya mal əti kimi bütöv inqrediyentlər hesabına daha çox yağ və kalori ehtiva edir. Lakin azyaşlı uşaqlar üçün nəzərdə tutulan ultraemal olunmuş məhsullarda qida baxımından müqayisəolunan fayda olmadan daha yüksək şəkər miqdarı müşahidə edilir.
Araşdırma yalnız mağaza rəflərində satılan qablaşdırılmış məhsullara əsaslanıb və valideynlərin evdə hazırladığı qidaları əhatə etməyib. Hadson hesab edir ki, xəbərdaredici etiketləmə valideynlərin mağaza rəflərində seçim etməsini asanlaşdırar və istehsalçıları məhsulların tərkibini yenidən nəzərdən keçirməyə sövq edər.
Hüseyn İbadlı
Mənbə: publika.az