Bank krediti olan şəxsin vəfat etməsi halında borcun taleyi və mirasçıların həmin borca görə məsuliyyət daşıyıb-daşımaması cəmiyyətdə ən çox maraq doğuran hüquqi və maliyyə məsələlərindən biridir.
Belə hallarda kredit öhdəliyi kimə keçir, borc hansı qaydada ödənilir və mirasçılar hansı hallarda məsuliyyət daşıyırlar?
Demokrat.az-a bank məsələləri üzrə ekspert Emin Kərimov şəxsin kredit götürərkən, xüsusilə təminatsız istehlak krediti olduğu hallarda, həmin vəsaitin adətən şəxsi və ya ailə ehtiyaclarının ödənilməsi üçün istifadə olunduğunu bildirib:
“Borcalan vəfat etdikdə isə onun hüquq və öhdəlikləri ilə bağlı məsələlər gündəmə gəlir.
Hüquqi baxımdan, şəxsin mirası varislərə keçdiyi kimi, miras çərçivəsində öhdəlikləri də nəzərə alınır. Əgər varis mirası qəbul edirsə, qanunvericiliyin müəyyən etdiyi hədlər daxilində miras qoyanın borclarına görə də məsuliyyət daşıya bilər. Bu cür məsələlər əsasən mülki hüquq münasibətlərinə aiddir. Borcalanın vəfat etdiyi tarixdən sonra kredit üzrə faizlərin hesablanması dayandırılır və banklar, bir qayda olaraq, əsas borcun ödənilməsi ilə bağlı ailə üzvlərinə və ya varislərə müxtəlif həll yolları təklif edirlər. Bu məsələyə iki yanaşma mövcuddur. Birincisi, mənəvi və dini yanaşmadır. İslam ənənəsində də vəfat etmiş şəxsin borclarının ödənilməsi tövsiyə olunur və praktikada ailə üzvlərinin həmin öhdəliyi könüllü şəkildə yerinə yetirdiyi hallara rast gəlinir. İkinci yanaşma isə hüquqidir. Əgər borc könüllü şəkildə ödənilmirsə və ya varislərlə bağlı mübahisə yaranırsa, bank məhkəməyə müraciət edə bilər. Bu zaman mərhumun adına olan depozitlərə, digər əmlaka və ya miras əmlakına qanunvericiliyə uyğun qaydada tələb yönəldilə bilər. Çünki şəxs kreditdən istifadə edib və kreditorun da həmin vəsaitin geri qaytarılmasını tələb etmək hüququ yaranıb”.
Ekspert əlavə edib ki, banklar təsərrüfat subyektləridir və verdikləri kreditlərdən əldə olunan gəlirlər hesabına fəaliyyətlərini davam etdirirlər:
“Buna görə də kredit öhdəliyinin hər hansı formada icra olunması hüquqi baxımdan vacibdir. Belə halların qarşısını almaq üçün həyat sığortası və ya kredit sığortası mexanizmlərindən istifadə edilə bilər. Xüsusilə istehlak kreditləri üzrə sığorta tətbiq olunarsa və sığorta müqaviləsində ölüm halı təminat kimi nəzərdə tutularsa, borcalan vəfat etdikdə kredit öhdəliyi sığorta şirkəti tərəfindən ödənilə bilər. Şəxsin vəfat etməsi kredit borcunun avtomatik olaraq silinməsi anlamına gəlmir. Bu, nə hüquqi, nə də iqtisadi baxımdan düzgün yanaşma hesab olunur. Kreditdən istifadə olunubsa, kreditorun da həmin vəsaitin geri qaytarılmasını tələb etmək hüququ mövcuddur. Məsuliyyət məsələsinə gəldikdə isə, əgər kredit üzrə zamin varsa, zamin öz öhdəlikləri çərçivəsində məsuliyyət daşıyır. Kredit girovla təmin olunubsa, bank girov qoyulmuş əmlaka tələb yönəldə bilər. Ailə üzvləri isə kredit müqaviləsində tərəf deyillərsə, zamin qismində çıxış etməyiblərsə və ya qanundan irəli gələn başqa öhdəlikləri yoxdursa, borca görə birbaşa məsuliyyət daşımırlar. Lakin mirası qəbul edən varislər mirasın dəyəri həddində həmin borca görə məsuliyyət daşıya bilərlər. Borc könüllü şəkildə ödənilmədiyi halda isə bank bu tələblərini məhkəmə qaydasında irəli sürə bilər”.
Mənbə: www.bakupost.az