Almaniya Çinə qarşı gizli plan hazırlayır - Pekinin ən zəif nöqtələri axtarılır

Almaniya Çinə qarşı gizli plan hazırlayır -

Almaniya hökuməti mümkün ticarət münaqişəsinə hazırlaşmaq üçün Çinin iqtisadiyyatındakı zəif nöqtələri araşdırır.

Bu barədə "Bloomberg" agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Almaniya rəsmiləri Çin şirkətlərinin ticarət əlaqələrini, təchizat zəncirlərini və maliyyə göstəricilərini məxfi şəkildə təhlil edir. Məqsəd Pekinlə mümkün danışıqlarda Berlinin daha güclü mövqedən çıxış etməsini təmin etməkdir.

Almaniya hökumətinin nümayəndəsi isə ölkənin Çinə münasibətdə rəsmi siyasətinin dəyişmədiyini və özəl şirkətlərdən məcburi qaydada məlumat toplanmasının planlaşdırılmadığını bildirib.

Mənbələrin sözlərinə görə, araşdırmalar əsasən Çinin Almaniya və Avropa texnologiyalarından, komponentlərindən və elmi-texniki həllərindən hansı sahələrdə asılı olduğunu müəyyənləşdirməyə yönəlib.

Qeyd olunur ki, Berlin münasibətlərdə "qarşılıqlılıq prinsipi"nə üstünlük verir. Təzyiq vasitələri kimi gələcək tədarüklərin dayandırılması ilə yanaşı, artıq satılmış məhsullara texniki xidmətin tamamilə kəsilməsi də nəzərdən keçirilir.

Məlumata görə, Çinin asılı ola biləcəyi Almaniya şirkətləri sırasında qabaqcıl litoqrafiya avadanlıqları üçün komponent istehsal edən "Trumpf" və "Carl Zeiss", həmçinin yarımkeçirici sahəsində fəaliyyət göstərən "Siltronic", "Aixtron", "SUSS MicroTec" və "Infineon" yer alır. Siyahıya kimya, metallurgiya və məişət texnikası istehsalçıları da daxildir.

Agentlik vurğulayır ki, bu addımlar Avropa İttifaqının Çindən asılılığı azaltmağa yönəlmiş "de-risking" strategiyasının tərkib hissəsi hesab olunur. Bu siyasət Brüssel və üzv dövlətlərin artan geosiyasi gərginlik fonunda daha hazırlıqlı olmasına xidmət edir.

Müəllif: Adəm

Mənbə: publika.az