Hörmüzdə tanker minaya düşdü

Hörmüzdə tanker minaya düşdü

Radar sistemini söndürərək hərəkət edən neft tankeri Hörmüz boğazında dəniz minasına düşərək partlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “S&P Global” beynəlxalq dəniz təhlükəsizliyi sahəsindəki məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Tankerin hansı ölkəyə məxsus olduğu hələlik məlum deyil. Məlumata görə, gəmi İranın müəyyən etdiyi təhlükəsiz hərəkət marşrutundan kənara çıxdıqdan qısa müddət sonra partlayış baş verib. Gəminin dəniz minasına çırpıldığı bildirilsə də, hadisənin bütün detalları rəsmi şəkildə tam təsdiqlənməyib.

Xatırladaq ki, bundan əvvəl İran Hörmüz boğazından keçən kommersiya gəmilərinə yalnız müəyyən edilmiş koridorlardan istifadə etmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi. Rəsmi Tehran təyin olunmuş qaydaların pozulmasının ağır və təhlükəli nəticələrə səbəb olacağını bəyan etmişdi. Son həftələr bölgədə gərginliyin pik həddə çatması səbəbindən bir çox neft tankeri izləmə sistemlərini söndürərək boğazdan gizlin keçməyə çalışır.

Mənbə: qafqazinfo.az