İran ABŞ-ın neft blokadasını müvəqqəti yumşaltmasından istifadə edərək qısa müddətdə böyük həcmdə neft ixrac edib. Məlumata görə, Tehran təxminən bir ay ərzində 70 milyon barrel xam neft sataraq 5-6 milyard dollar gəlir əldə edib.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilib ki, iyunun sonlarından etibarən 20-yə yaxın İran neft tankeri Malayziyanın şərq sahilləri yaxınlığındakı beynəlxalq sularda hərəkətlənib. Tankerlərin bir hissəsinin dənizdə digər gəmilərə neft ötürdüyü, daha sonra yükün əsasən Çinə daşındığı bildirilir.
İranın bu prosesdə illər ərzində formalaşdırdığı sanksiyalardan yayınma şəbəkəsindən istifadə etdiyi ehtimal olunur. Tankerlərin mövqelərini gizlətməsi, ön şirkətlər və dollardan kənar ödəniş kanalları bu sistemin əsas elementləri kimi göstərilir.

İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçısı Oral Toğanın fikrincə, bu addım iqtisadi uğurdan daha çox siyasi xarakter daşıyır. Onun sözlərinə görə, Tehran ABŞ-ın təzyiqi azalarkən yaranan diplomatik fürsətdən istifadə edərək maliyyə ehtiyatlarını artırıb.
Ekspert hesab edir ki, əldə olunan milyardlarla dollar İran rəhbərliyini danışıqlar masasında əlini gücləndirib. İran neftinin əsas alıcısı isə Çindir. Məlumata görə, İran neftinin təxminən 90 faizi Çin tərəfindən alınır. Bununla belə, Pekin alışları əsasən kiçik özəl neft emalı zavodları vasitəsilə və ciddi endirimlərlə həyata keçirir. Bu vəziyyət İranı faktiki olaraq tək alıcıdan asılı vəziyyətə salır.

Ekspertlər hesab edirlər ki, İranın qısa müddətdə bu qədər böyük həcmdə neft ixrac etməsi ölkədə əvvəlcədən toplanmış böyük ehtiyatların olduğunu göstərir. İyunun ikinci yarısında Çinə təxminən 50 milyon barrel neft göndərildiyi bildirilir.
Oral Toğa qeyd edib ki, İranın neft gəlirlərinin artması ABŞ sanksiyalarının effektivliyini zəiflədə bilər. Eyni zamanda, İran məsələsi getdikcə ABŞ-Çin rəqabətinin bir hissəsinə çevrilir.
Mənbə: publika.az