Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Düyü idxalında KƏSKİN AZALMA – Nə baş verir?

Azərbaycanda düyü idxalı azalıb. Belə ki, 2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin eyni dövründə 30 min 692,84 ton düyünün idxalına 29 milyon 43,04 min dollar xərclənmişdi. Beləliklə, düyü idxalı fiziki həcmdə 5 min 84,2 ton və ya 16,6%, dəyər ifadəsində isə 6 milyon 531,7 min dollar və ya 22,5% azalıb.

İdxalın azalmasının səbəbi nədir? Daha az istehlak edilir ya yerli istehsal artıb?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Fərahim Əsədov bildirdi ki, düyü idxalının azalması daha çox yerli istehsalın müəyyən qədər artması, ticarət və qiymət amilləri, eləcə də ehtiyatların idarə olunması ilə bağlıdır.

“Bunun istehlakın azalması ilə əlaqəsi yoxdur. Tam əksinə günümüzdə düyü istehlakı əvvəlki illərdən daha artıqdır. Həm ümumilikdə əhali artımına, həm də kulinariya müxtəlifliklərinə görə tələbat artıb. Yəni düyü Azərbaycanda əsas ərzaq məhsullarından biri olaraq qalır. Sadəcə son illərdə ölkədə daxili istehsalın artması müşahidə olunur. Xüsusilə Lənkəran və Şəki-Zaqatala bölgələrində çəltikçiliyin genişləndirilməsi istiqamətində işlər görülür. Amma bu o demək deyil ki, yerli istehsal ölkənin düyüyə olan tələbatını tam ödəyəcək”.

İqtisadçı əlavə etdi ki, idxalın azalmasında qiymət və idxal mənbələri də rol oynayır.

Azərbaycan düyünü əsasən Hindistan və Pakistandan idxal edir, qismən Tailand və Vyetnamdan da idxal mövcuddur. Dünya bazarında qiymətlər, logistika xərcləri və geosiyasi dəyişikliklər də idxal həcminə təsir göstərən amillərdəndir.

Mənbə: bizim.media