Bu ilin I rübündə İrlandiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 24,590 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,4 milyon ABŞ dolları və ya 7,8 dəfə çoxdur.
Məlumata görə, hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İrlandiyanın payı 8,3% təşkil edib. Bununla da sözügedən ölkə xaricdən Azərbaycana ümumi pul köçürən ölkələrin siyahısında ilk üçlükdə qərarlaşıb.
Hesabat dövründə əks istiqamətdə pul köçürmələri qeydə alınmayıb.
Ümumilikdə, 2026-cı ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 103,936 milyon ABŞ dolları təşkil edib. Bu isə 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 8,7 milyon ABŞ dolları və ya 7,8% azdır.
Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 296,9 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 67,4 milyon ABŞ dolları və ya 29,4% çoxdur.
AMB-də keçirilən tədiyə balansına dair brifinqdə İrlandiyadan Azərbaycana pul köçürmələrinin kəskin artımı ilə bağlı məsələyə də aydınlıq gətirilib.
Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirovun sözlərinə görə, fiziki şəxslərin pul köçürmələri üzrə göstəricilər kifayət qədər dəyişkən xarakter daşıyır və əsasən pulköçürmə sistemləri vasitəsilə həyata keçirilən əməliyyatlarla bağlıdır.
"Bu vəsaitlər əsasən maddi yardım və digər oxşar məqsədlərlə göndərilən məbləğlərdir. Burada təəccüblü heç nə yoxdur", – deyə o bildirib.
AMB rəsmisi onu da qeyd edib ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın ilkin gəlirlər balansında son illərdə ilk dəfə qeydə alınan profisit ölkənin xaricdəki investisiyalarından əldə etdiyi gəlirlərlə bağlıdır.
"Vaxtilə xaricə böyük həcmdə birbaşa xarici investisiyalar yatırılıb. Həmin investisiyalar qarşılığında faiz və dividend gəlirləri əldə olunub. Bu gəlirlər isə ölkəyə gətirilməyib, yenidən xaricdə investisiya kimi yönləndirilib ki, növbəti dövrlərdə daha böyük gəlirlər əldə edilsin", – deyə Samir Nəsirov vurğulayıb.
Mənbə: publika.az