Azad edilmiş ərazilərdə növbəti maarifləndirmə tədbirləri keçirilib

Azad edilmiş ərazilərdə növbəti maarifləndirmə tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri keçirib.

Bu barədə ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, Ağdam, Ağdərə və Xocavənd rayonlarında 62 müəssisədə keçirilən 18 tədbirdə həmin müəssisələrin işəgötürənlərinin nümayəndələrindən və işçilərindən ibarət 690 nəfər iştirak edib.

Tədbirlərdə Xidmətin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər.

Əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri barədə iştirakçılara məlumatlar verilib. Bu sahədə yeni dövlət standartlarının tətbiqi və iş yerlərinin attestasiyasının aparılması qaydalarından bəhs olunub. Mina təhlükəsizliyinin əsas prinsipləri və mümkün risklərin qarşısının alınması yolları diqqətə çatdırılıb.

İştirakçılara müvafiq mövzular üzrə yaddaş kitabçaları, bukletlər və digər məlumatlandırıcı materiallar təqdim edilib, onların sualları cavablandırılıb.

Mənbə: qafqazinfo.az