"Kraudfandinq sahəsində maraqların toqquşması və sui-istifadənin qarşısının alınması üçün insayder qadağası tələb kimi nəzərdən keçirilib".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov deyib.
Onun sözlərinə görə, kraudfandinq sahəsi ilə bağlı dələduzluğun qarşısını almaq üçün platforma operatorlarına xüsusi tələblər müəyyənləşdirilir: "Platformadan istifadə edərək hansısa bir layihənin maliyyələşməsi üçün təkliflər sürən və layihəsini təqdim edən layihə sahiblərinə dair məhdudiyyətlər müəyyənləşdirilir, investorların müdafiə mexanizmləri qurulur. Maraqların toqquşmasının qarşısını alınması üçün müvafiq bəndlər, maddələr öz əksini tapıb və eyni zamanda Azərbaycan Mərkəzi Bank tərəfindən davamlı şəkildə monitorinqin həyata keçirilməsi qanun layihəsində norma olaraq öz əksini tapıb. Platforma operatoruna münasibətdə biz reyestrdə qeydiyyat tələblərini nəzərdə tuturuq və vətəndaş qüsursuzluğu ilə bağlı konkret müddəalar mövcuddur. Layihə sahibi ilə münasibətdə yoxlanılma, şəffaflıq tələblərini irəli sürürük və maliyyə hesabatlığını tələb olaraq layihə sahibinin üzərinə öhdəlik kimi nəzərdə tutmuşuq".
Nazir müavini qeyd edib ki, "Kraudfandinq haqqında" qanun layihəsində investorların müdafiəsi üçün risklərin açıqlanması, vəsaitlərin mühafizəsi və investisiya limitləri kimi tələblər öz əksini tapıb:
"Maraqların toqquşması və sui-istifadənin qarşısının alınması üçün insayder qadağası tələb kimi nəzərdən keçirilib. Belə ki, operator, onun əməkdaşları və yaxınları həmin operatorun idarə etdiyi platformada layihə sahibi ola bilməzlər. Bunun məhdud iştirak və təşviqat qadağası da layihədə öz həllini tapmış məsələlərdən biridir. Bəs kraudfandinq anlayışında niyə yalnız borc və səhm nəzərdə tutulur, digər qrant və yaxud da hibrid rejimdə niyə layihədə öz həllini tapmayıb? Məsələ hökumətdə dəfələrlə müzakirə olunmuş bir mövzudur. Azərbaycan hökumətinin gəldiyi qənaət ondan ibarətdir ki, yalnız səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi əsasları öz həllini tapmalıdır. Belə ki, qrantlar, "Qrant haqqında" qanun artıq mövcuddur və bu kimi tənzimləmələr bunun kraudfandinq formasında və yaxud da digər formasında asılı olmadan artıq "Qrant haqqında" qanunun tənzimləmə mövzusu olduğundan yenidən həmin mövzuları bura daxil etmə məqsədəuyğun hesab olunmayıb. Məhz səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsi isə bu spesifik qanun bilavasitə investorların hüquqlarının qorunması və kapital bazarlarının alətlərini əhatə etmək məqsədi daşıyır".
Mənbə: unikal.az