Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” avqust ayı üçün Asiyaya ixrac ediləcək xam neftin qiymətini tarixində ən böyük həcmdə endirib. Şirkətin bu addımı İranla müharibədən sonra itirdiyi bazar payını bərpa etmək cəhdi kimi qiymətləndirilir.
Rəsmi açıqlamaya əsasən, “Arab Light” markalı xam neftin Asiya bazarı üçün rəsmi satış qiyməti Oman/Dubay etalonuna nisbətən bir barel üçün 1,50 dollar endirilib.
İyul ayı ilə müqayisədə ümumi azalma isə barel üzrə 11 dollar təşkil edib ki, bu da 2003-cü ildən bəri ən böyük aylıq qiymət endirimi hesab olunur.
Qeyd edilir ki, qiymət endiriminə baxmayaraq, Səudiyyə Ərəbistanının bazar payını tam bərpa etməsi çətin ola bilər. Çünki Yaxın Şərqdəki digər istehsalçılarla yanaşı, Afrika və Amerika qitəsindən tədarük olunan neft də alıcılar üçün rəqabətqabiliyyətli olaraq qalır.
“Reuters” yazır ki, bazardakı vəziyyət 2020-ci ildə pandemiya dövründə yaşanan təklif artıqlığını xatırladır. Bazar iştirakçıları ABŞ ilə İran arasında hərbi gərginliyin azalmasının qlobal təklifin artmasına səbəb olacağını gözləyirlər. Bununla belə, Vaşinqton və Tehran arasında əldə olunmuş 60 günlük razılaşmanın hələ uzunmüddətli sazişə çevrilməməsi qeyri-müəyyənliyi qoruyur.
Səudiyyə Ərəbistanı və digər region istehsalçıları Hörmüz boğazının açıq qalacağı və neft tankerlərinin maneəsiz hərəkətini davam etdirəcəyi ssenarisi əsasında planlaşdırma aparırlar. Bu halda qlobal bazarda təklifin tələbatı ödəmək üçün kifayət edəcəyi hesab edilir.
“Saudi Aramco” satışlarının təxminən 80 faizini Asiya bazarına həyata keçirir. Buna görə də qiymət endirimi ilk növbədə bu regiondakı mövqeyini qorumağa hesablanmış addım kimi dəyərləndirilir.
“Kpler” məlumatlarına görə, Səudiyyə Ərəbistanının gündəlik neft ixracı iyunda 4,53 milyon barelə yüksəlsə də, bu göstərici ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından əvvəlki aylarda qeydə alınan orta gündəlik 6,55 milyon barellik ixrac həcmindən təxminən 2 milyon barel azdır.
Ən böyük alıcılardan biri olan Çində də Səudiyyə neftinə tələbat zəifləyib. İyunda Çinə gündəlik tədarük 626 min barelə enərək son 12 ilin ən aşağı səviyyəsinə düşüb. Bu, həm Yaxın Şərqdəki gərginliyin logistikanı çətinləşdirməsi, həm də Pekinin yüksək qiymətlər fonunda idxalı azaltması ilə əlaqələndirilir.
Bildirilir ki, “Aramco”nun rekord endirimi Çin bazarında satışların artmasına kömək edə bilər. Bununla belə, Küveyt, İraq və Birləşmiş Ərəb Əmirlikləri kimi rəqib istehsalçıların daha yüksək endirimlər təklif etməsi Səudiyyə Ərəbistanının qarşısında ciddi rəqabət yaradır.
Mənbə: qafqazinfo.az