Qeyd edək ki, Azərbaycanda ətə olan tələbatın bir hissəsi idxal hesabına ödənilir. 2025-ci ildə ölkəyə xaricdən 115 301 baş iribuynuzlu və 306 591 baş xırdabuynuzlu heyvan gətirilib. İqtisadçı Xalid Kərimli hesab edir ki, yeni tələblər idxal qiymətlərinə təsir göstərə bilər:
"Bu dəyişiklik bir baş heyvanın daşınma xərclərini artıracaq. Təbii ki, bu artım idxal qiymətlərinə də təsir edəcək. Satıcılar və idxalçılar logistika xərclərindəki artımı məhsulun maya dəyərinə daxil edəcəklər".
Ekspert əlavə edib ki, diri heyvan idxalının artması fonunda daşıma xərclərinin yüksəlməsi daxili bazarda ətin qiymətində müəyyən artıma səbəb ola bilər. AQTA-dan isə bildirilib ki, yeni tələblər heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədi daşıyır. Qurum sahibkarları fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırıb.
Mənbə: oxu.az