Ermənistanın balıqçılıq sənayesi və ixracat potensialı demək olar ki, tamamilə Rusiya bazarından asılı vəziyyətdədir. Son statistik təhlillər göstərir ki, Rusiyaya balıq satışının dayandırılması və ya bu bazarın itirilməsi İrəvan üçün iqtisadi fəlakətlə nəticələnə bilər.
Bu barədə rəsmi iqtisadi hesabatlarda və ixrac göstəricilərində məlumat verilir.
Hesabata əsasən, ötən 2025-ci ilin yekunlarına görə, Ermənistanın dünya bazarlarına balıq tədarükündən əldə etdiyi ümumi gəlir 79,8 milyon dollar təşkil edib. Maraqlı və rəsmi İrəvanı ciddi düşündürən məqam isə odur ki, bu məbləğin 78,4 milyon dolları birbaşa Rusiyaya edilən ixracın payına düşüb. Beləliklə, Rusiya bazarı Ermənistanın balıq satışından qazandığı ümumi mənfəətin 98,3%-ni təkbaşına təmin edib.
Rusiya Ermənistan üçün ən böyük balıq alıcısı və bu məhsulu irihəcmli maliyyə vəsaiti müqabilində idxal edən yeganə ölkə statusunu qoruyur.
Digər ölkələrə ixrac simvolik xarakter daşıyır
2025-ci ildə Ermənistandan balıq idxal edən digər ölkələrin siyahısı və onların iqtisadiyyatdakı payı isə olduqca cüzidir:
Gürcüstan: 445,4 min dollar
ABŞ: 336,9 min dollar
Ukrayna: 305,9 min dollar
Belarus: 208,8 min dollar
İqtisadçı ekspertlər vurğulayırlar ki, Rusiya ilə münasibətlərdə hər hansı bir ticarət embarqosunun və ya texniki məhdudiyyətin (məsələn, "Rosselxoznadzor"un qadağalarının) tətbiq edilməsi Ermənistanın daxili balıqçılıq təsərrüfatlarını tamamilə iflasa uğrada bilər, çünki qısa müddətdə bu həcmdə məhsulu qəbul edəcək alternativ qlobal bazar tapmaq qeyri-mümkündür.
Mənbə: bizim.media