Bildirilib ki, iki ölkə arasında 2020-ci ildə hər iki tərəfdən əsgərlərin ölümü ilə nəticələnən sərhəd toqquşmasından sonra Hindistan Çin şirkətlərinin fəaliyyətinə nəzarəti artırıb. Nyu-Dehli və Pekin münasibətləri yaxşılaşdırmağa çalışsalar da, müəyyən gərginlik hələ də qalmaqdadır.
"Dentons Link Legal" hüquq firmasının tərəfdaşı Santoş Pay qeyd edib ki, Hindistan öz istehsal sektorunu genişləndirmək və qlobal təchizat zəncirinin daha əhəmiyyətli hissəsinə çevrilmək istəyirsə, Çinlə tərəfdaşlıq qaçılmazdır: "Çin şirkətləri isə qlobal lider olmaq niyyətindədirlərsə, Hindistanı və onun iqtisadi potensialını gözardı edə bilməzlər".
Agentlik qeyd edir ki, Hindistanın üçüncü ən böyük avtomobil istehsalçısı olan "Tata" üçün "Chery" platforması elektromobillərin bazara daha sürətli çıxarılmasına imkan yaradır. Şirkət gələcəkdə Çindən idxal olunan detallardan imtina edərək, komponentləri yerli səviyyədə inkişaf etdirməyi planlaşdırır. Bu addım bəzi hindistanlı siyasətçilər tərəfindən müsbət qarşılanıb, çünki bu, yerli istehsalın inkişafına təkan verəcək.
Yüksək rütbəli bir hindistanlı hökumət rəsmisi bildirib ki, ölkəsi yerli istehsalın inkişafına və ya təchizat zəncirlərinin şaxələndirilməsinə səbəb olacaq müqavilələri dəstəkləyir. Daxili bazarda iqtisadi artımın yavaşlaması və həddindən artıq istehsal gücü ilə üzləşən Çin avtomobil şirkətləri üçün bu cür razılaşmalar, Pekinin tətbiq etdiyi ixrac məhdudiyyətlərini pozmadan gəlirləri artırmaq üçün optimal həll yolu ola bilər.
Agentlik vurğulayır ki, dünyanın ən inkişaf etmiş elektromobil sənayesinə sahib olan Çin istehsalçıları, böyük və daim genişlənən Hindistan bazarını mənimsəməyə davam edəcək. Bu isə Hindistana böyük sərmayələr yatıran Yaponiya avtomobil istehsalçıları və digər şirkətlər üçün mənfi xəbərdir, çünki onlar hazırda orada Çin rəqibləri ilə ciddi rəqabətlə üzləşmirlər.
Mənbə: oxu.az